
“Akıncı” PUA yüksəklik rekordu qırıb – VİDEO
Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanmış “Akıncı” hücum pilotsuz uçuş aparatı (PUA) Türkiyə aviasiya tarixində yüksəklik rekordu qırıb.
Bu barədə “Poliqon”a “Baykar” şirkətindən məlumat verilib.
11 min 594 metr hündürlüyə yüksəlib
Dizayn doğrulama fəaliyyətləri çərçivəsində Müdafiə Sənayesi Başqanlığı (SSB) və istifadəçi qüvvələrin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən yüksək hündürlük və uzaq məsafə performans testində “Akınçı” PUA 11594 metr (38.039 fut) hündürlüyə yüksəlib və 25 saat 46 dəqiqə havada qalıb. Çorluda yerləşən Akıncı Uçuş Təlim ve Test Mərkəzindən idarə olunan “Akıncı” PUA uzun uçuş fəaliyyəti çərçivəsində 7507 kilometr məsafəni qət edib. Beləliklə ilk dəfə milli olaraq hazırlanan aviasiya vasitəsi ilə göyüzündə bu yüksəkliyə qalxılıb.
Bu günə qədər test və təlim uçuşlarında 870 uçuş həyata keçirən “Akıncı” PUA, ümumilikdə 347 saat 28 dəqiqə uçuş həyata keçirib.
Qeyd edək ki, “Akıncı” PUA-nın ilk uçuşu 6 dekabr 2019-cu ildə keçirilib. Çorlu Hava Meydan Komandanlığının tərkibində yer alan Akıncı Uçuş Təlim ve Test Mərkəzində həyata keçirilən sınaq fəaliyyətləri 3 ədəd “Akıncı” taktiki PUA prototipi ilə davam etdirilir.
MAM-T sursatı ilə uğurlu atış
“Akıncı” PUA 2021-ci aprelin 22-də keçirilmiş ilk atəş sınağında Roketsan tərəfindən milli imkanlarla hazırlanmış ağıllı sursatlar MAM-C, MAM-L və ilk dəfə istifadə olunan MAM-T ilə hədəfləri uğurla vurub.
2021-ci il iyulun 5-də həyata keçirilmiş atəş sınaqlarında isə ilk dəfə döyüş başlıqlı sursatlar istifadə edilib. Canlı sursatlar ilə edilə atəş testində “Akıncı”dan atılan sursatlar hədəfləri tam dəqiqliklə vurub.
Seriyalı istehsal davam edir
2021-ci il ərzində ilk çatdırılmanın həyata keçirilməsinin planlaşdırıldığı “Akıncı” PUA layihəsində seriyalı istehsal prosesi davam etdirilir. Seriyalı istehsalın ilk uçuş aparatları olan “Akıncı S-1” və “Akıncı S-2” PUA-ları Çorluya təhvil verilib. Hazırda sözügedən PUA-ların sınaqları davam edir. Digər seriyalı istehsal modellərinin inteqrasiya işləri isə “Baykar Milli S/PUA Ar-Ge ve İstehsal Mərkəzində davam etdirilir.
“Bayraktar TB2” də rekord qırmışdı
Xatırlatmaq yerinə düşər ki, “Baykar” tərəfindən taktiki sinifdə yerli və milli imkanlarla hazırlanmış “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı, daha öncə 27 min 30 fut yüksəkliyə qalxaraq yeni bir rekorda imza atmışdı.
2019-cu il iyulun 17-də Küveytdə qatıldığı demo uçuşu zamanı Türkiyənin milli silahlı PUA-lar yüksək temperatur və qum fırtınası kimi çətin coğrafi və iqlim şərtlərində 27 saat 3 dəqiqə havada qalaraq uçuş müddəti rekordu qırmışdı.
Rizvan Fikrətoğlu