Almaniya Ukraynaya əlavə “Marder” PDM-i tədarük edəcək

Almaniya Ukraynaya əlavə “Marder” PDM-i tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə daha 20 ədəd “Marder” piyada döyüş maşını (PDM) tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Ukrayna üçün bu sifariş Almaniya hökuməti tərəfindən edilib.

Sifarişə əsasən, “Marder” PDM-lərinin bu yay ərzində Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılıb.

“Rheinmetall”ın bildirdiyinə görə, bu günə qədər sifariş edilən “Marder”lərdən əlavə daha 60 ədəd PDM, şirkət tərəfindən Ukrayna Silahlı Qüvvələrinə tədarük oluna bilər. Hazırda bununla bağlı şirkətin istehsal müəssisələrində işlər aparılmaqdadır və “Rheinmetall” ayda 10 ədəd “Marder” PDM-i təhvil verə bilər.

Qeyd edək ki, Almaniya hökumətinin göstərişi ilə hərəkət edən “Rheinmetall” şirkəti ilk 20 ədəd “Marder”i Ukraynaya cari ilin mart ayında göndərib. Ukrayna bu texnikaları birbaşa Bundesverin (Almaniya Silahlı Qüvvələri) mövcud ehtiyatından əldə edib.

Bundan başqa, Almaniya hökumətinin “Ringtausch” proqramı çərçivəsində Yunanıstan da 40 ədəd “Marder” PDM-i əldə edəcək. Onların da bu yay ərzində Yunanıstan Silahlı Qüvvələrinə çatdırılması nəzərdə tutulub.

“Ringtausch” proqramı Almaniya hökuməti tərəfindən Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək məqsədi ilə başladılıb. Proqrama əsasən, Almaniyanın qonşuları və NATO-ya daxil olan ölkələr yeni Qərb hərbi sistemlərinin əvəzində inventarlarındakı Sovet dövrünə aid hərbi texnika və avadanlıqları Ukrayna Ordusunun silahlanmasına verir.

Poliqon.az

CATEGORIES
TAGS