AMPV transportyorları seriyalı istehsal olunacaq

Qoşunlarda daha çox “Alüminium tabut” kimi tanınan M113 zirehli transportyorlarının əvəzedicisi olacaq AMPV zirehli transportyoru artıq kütləvi istehsalın bir addımlığındadır.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi ilə “BAE Systems” şirkəti arasında AMPV tırtıllı döyüş maşınlarının yaradılması və tədarükü barədə yeni bir müqavilə imzalanıb.
Dəyəri 15,7 milyon ABŞ dolları olan yeni müqavilədə ehtiyat hissələrinin tədarükü, şəxsi heyətin ilkin təlimləri və təlim maşınlarının olması ehtimal edilən ilk zirehli texnikaların orduya təhvil verilməsi yer alır. Bu müqavilə, ABŞ Ordusunun zirehli texnika briqadalarında 2897 ədəd tırtıllı M113 zirehli transportyorlarının və bunlara əsaslanan nəqliyyat vasitələrinin əvəz edilməsini təmin edən Çoxməqsədli zirehli maşın (Armored Multi-Purpose Vehicle – AMPV) proqramı çərçivəsində bir aralıq müqaviləsidir.
Yaxın on il ərzində ABŞ Müdafiə Nazirliyi 2.907 ədəd AMPV vasitəsini (o cümlədən 993 ədəd komanda-qərargah maşını, 790 ədəd tibbi təxliyyə vasitəsi, 386 ədəd özüyeriyən minaatan, 216 ədəd tibbi vasitə və 522 ədəd ümumi təyinatlı maşın) qəbul etməyi planlaşdırır.
Pentaqon ümumilikdə, M113 zirehli zirehli transportyorlarını yeni nəqliyyat vasitələri ilə əvəz etmək üçün 13 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti xərcləməyi planlaşdırır.
Qeyd edək ki, döyüş meydanında yeni AMPV zirehli transportyorları M1 “Abrams” tankları və M2 “Bradley” döyüş maşınları ilə birlikdə istifadə ediləcək.
Əhəd Əzizov




