ANAMA minaların təmizlənməsində yerli minatəmizləmə maşınlarından istifadə edəcək

ANAMA minaların təmizlənməsində yerli minatəmizləmə maşınlarından istifadə edəcək

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə yerli istehsal olan minatəmizləmə maşınlarından istifadə edəcək.

“Poliqon” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ANAMA mütəmadi olaraq minatəmizləmə ilə bağlı yeni texnikalar əldə edir.

“Artıq Azərbaycanda yerli istehsal olan minatəmizləmə maşınları var. Bu il ərzində biz həmin maşınlardan əldə edəcəyik”, – deyə V.Süleymanov vurğulayıb.

Qeyd edək ki, burada söhbət Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən istehsal olunan “Revival P” və “Revival T” mexaniki minatəmizləyən maşınlarından gedir.

Əsasən, piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulan “Revival P” 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6.5 ton, dırmanma qabiliyyəti 35 dərəcə, uzaqdan idarəetmə məsafəsi 2000 metr və minatəmizləmə bacarığı 2500 m2/saat təşkil edir. Hərəkət sürəti 5km/saat, işləmə sürəti isə 0.5-1.5 km/saat olan “Revival P”ni 306 at gücündəki mühərrik hərəkətə gətirir.

O, 0oC ilə 55oC temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir. Texnika partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360 dərəcəlik PTZ kamera ilə, habelə daha dayanıqlı və yüksək temperatura dözümlü TUF materiallarla təchiz edilib.

“Revival T”, “Revival P”dən fərqli olaraq daha çox tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulub. Bu səbəbdən “Revival T” 11 kiloqrama qədər olan TNT partlayışlarına dözümlüdür. Onun toplam çəkisi 20 ton, dırmanma bacarığı 30 dərəcə, uzaqdan idarəetmə məsafəsi 2000 metr və minatəmizləmə qabiliyyəti 4500 m2/saatdır. Ölçü baxımından “Revival P”dən daha iri olan “Revival T”yə 772 at gücündəki mühərrik güc verir. Bu isə mexaniki minatəmizləyən maşına 7 km/saat sürətlə hərəkət etmək və 0.5-3 km/saat sürətlə işləmək imkanı qazandırır.

360 dərəcə videogörüntü təmin edən FPV qoruyucu kamera və 10`1 düyümlük HD ekranla təchiz olunan “Revival T” -20 ilə +55 dərəcədə aralığında işləmə potensialına malikdir. Texnika əsas funksiyası olan minaların təmizlənməsində iki qurğudan istifadə edir. Bunlardan biri “flare” adlandırılan zəncir tipli döymə qurğusu, digəri isə “tinder” deyilən baltalardır. Minatəmizləmə əməliyyatı zamanı mina zəncirlə partladıla bilməsə, bu zaman baltalar işə düşür və minanı partlamadan doğrayır.

Poliqon.az

CATEGORIES
TAGS