ANAMA yanında İctimai Şura ilə görüş keçirilib

ANAMA yanında İctimai Şura ilə görüş keçirilib

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura 2023-cü ilin ilk iclasını keçirib.

ANAMA-nın mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, iclasın əsas müzakirə mövzuları İctimai Şura üzvlərinin fəaliyyət dövrünü əks etdirən hesabatın müzakirəsi, eləcə də 2023-cü ilin fəaliyyət planı, həyata keçiriləcək layihələr və cari məsələlərə dair fikir mübadiləsi olub.

İctimai Şura tərəfindən təqdim olunan dövri hesabata əsasən Şura üzvləri 2022-ci il ərzində mütəmadi iclaslar keçirib. Toplantıların əsas müzakirə mövzusu Azərbaycanın mina probleminin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq donorların cəlb olunması, minadan zərərçəkənlərin və onların ailə üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılması, maarifləndirmə tədbirlərinin artırılması olub. Eyni zamanda, İctimai Şura üzvləri Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy və Qazax rayonlarına işgüzar səfərlər edib. Bir sıra beynəlxalq tədbir və görüşlərdə iştirak edərək, ölkəmizin üzləşdiyi kütləvi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər barədə məlumat verib.

Şuranın üzvləri ilə keçirilən görüşdə 2023-cü il üçün fəaliyyət istiqamətləri, mina təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi və beynəlxalq təşkilatların cəlb olunması, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə digər müvafiq qurumların ictimai şura üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi, eləcə də aparıcı mətbuat qurumları ilə məlumatlandırıcı tədbirlərin təşkil edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ictimai şura üzvləri tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətə göstərilən töhfəni yüksək qiymətləndirib.

Poliqon.az

CATEGORIES
TAGS