
Aqil Qurbanov IDEX-2025 sərgisində müasir silah-texnika nümunələri ilə tanış olub
Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında iştirak edir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də stendlə təmsil olunur.
Baş direktor Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də digər ölkələrə məxsus şirkətlərin stendlərində nümayiş olunan müasir silah və texnika nümunələri ilə tanış olub.
Sərgi çərçivəsində A.Qurbanov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, İtaliyanın müdafiə naziri Quido Krosetto, Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet, eləcə də dünyanın bir neçə aparıcı şirkətlərinin rəhbər heyətləri ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.