
ASELSAN şirkəti “Polad Qübbə” (ÇELİKKUBBE) çoxqatlı hava hücumundan müdafiə (HHM) arxitekturasına yeni imkanlar əlavə edir.
“Poliqon” xəbər verir ki, ASELSAN “Polad Qübbə” üçün milli imkanlarla hazırladığı yeni nəsil texnologiyalarını SAHA 2026 sərgisində təqdim edib.
Şirkət sərgidə bu konsepsiyaya yeni imkanlar qazandıracaq ILGAR 3-LT rabitə elektron müharibə sistemi, KORAL AD HHM elektron müharibə sistemi, MİĞFER özünümüdafiə FPV dron zərərsizləşdirmə sistemi, GÖKALP avtonom kinetik dron məhvetmə sistemi, GÖKBERK 10 lazer silah sistemi və EJDERHA 210 yüksək güclü mikrodalğalı silah sistemini ilk dəfə nümayiş etdirib.
Təqdimat mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, ASELSAN baş direktoru Ahmet Akyol, media nümayəndələri və digər şəxslər iştirak ediblər.
Ahmet Akyol çıxışında bildirib ki, ASELSAN “Polad Qübbə” arxitekturası çərçivəsində yeni təhdidlərə qarşı çatışmadığını düşündüyü imkanlara sərmayə yatırır: “Burada təqdim olunan məhsullar elektron müharibə sahəsində gəldiyimiz səviyyənin göstəricisidir və dünyadakı analoqlarından fərqlənir. Bu sistemlər “Polad Qübbə”ni fərqləndirən əsas imkanlardır. Bütün məhsullarımız gələn ildən etibarən seriyalı şəkildə inventara daxil ediləcək”.
Elektromaqnit spektrində üstünlük təmin edəcək texnologiyalar sırasında yer alan ILGAR sistemi istifadəçiyə ani hücum və fasiləsiz idarəetmə imkanı təqdim edəcək. Adını “sürətli və qəfil hücum” anlayışından alan ILGAR müxtəlif platformalarda V/UHF və qismən SHF tezlik diapazonunda rabitə quran hədəf sistemlərinə elektron hücum tətbiq etmək məqsədilə hazırlanıb.
Sistem düşmənin rabitəsini bloklamaq, gecikdirmək və ya yanlış məlumat ötürməsinə səbəb olmaqla dost qüvvələrə taktiki üstünlük qazandırır. Tezlik dəyişən siqnallara qarşı reaktiv qarışdırma, dost rabitə tezliklərini qoruma infrastrukturu, elektron dəstək, siqnal istiqamətinin müəyyən edilməsi və hərəkət halında elektron hücum imkanları sistemin əsas xüsusiyyətləri sırasındadır.
Hava hücumundan müdafiə sahəsində oyun dəyişdirici təsirə malik olan KORAL isə eyni platformada elektron dəstək və elektron hücum alt sistemlərini birləşdirən quru əsaslı mobil radar elektron müharibə sistemi kimi diqqət çəkir. Sistem aşkar etdiyi hava və quru radarlarının fəaliyyət zonasını məhdudlaşdırır, həmçinin aldatma və qarışdırma üsulları ilə elektron hücum həyata keçirir. KORAL hücum edəcəyi radarları müəyyənləşdirir, tanıyır və detallı analiz funksiyaları ilə öz yayım siyahısını formalaşdırır.
“Dron ovlayan dron” kimi diqqət çəkən GÖKALP sistemi FPV və kamikadze dron təhdidlərinə qarşı aşkarlama-tanıma-izləmə zəncirinə inteqrasiya olunmuş kinetik toqquşma üsulu ilə məhvetmə prinsipinə əsaslanan yüksək sürətli tutucu drondur. Sistem aşağı qiymətli sənaye məhsullarından istifadə edilərək hazırlanıb.
GÖKBERK sistemi isə yaxın məsafəli hava təhdidlərinə qarşı müdafiə üçün nəzərdə tutulmuş yönləndirilmiş enerji HHM sistemi kimi ön plana çıxır. Sistemin əsas istifadə sahələrinə quru platformaları, enerji stansiyaları, kritik obyektlər və qərargah binaları daxildir. Hədəflərin məhv edilməsi bu sistemdə yerləşən 10 kVt gücündə lazer mənbəyi vasitəsilə həyata keçirilir. Sistemdə 24 saat fasiləsiz fəaliyyət göstərməyə imkan verən elektro-optik vasitələr və sensorlar mövcuddur. GÖKBERK əsasən sabit qanadlı və rotorlu PUA-lara, eləcə də əldəqayırma partlayıcı qurğulara qarşı effektivdir.
ASELSAN-ın oyun dəyişdirici texnologiyaları sırasında yer alan MİĞFER özünümüdafiə FPV drom zərərsizləşdirmə sistemi isə 4×4 zirehli avtomobil üzərində ilk dəfə SAHA 2026-da nümayiş etdirilib. MİĞFER mini və mikro PUA-lara qarşı 4×4, 6×6 və tank kimi platformaların müdafiəsi üçün hazırlanıb. Sistemdəki fiziki məhvetmə alt sistemi təhdidi “hard-kill” üsulu ilə məhv edir.
ASELSAN tərəfindən hazırlanan EJDERHA 210 yüksək güclü mikrodalğalı silah sistemi isə yüksək güclü elektromaqnit dalğa texnologiyasından istifadə edərək, xüsusilə sürü halında hücum edən mini və mikro PUA-ları zərərsizləşdirir. Mənzilini iki dəfə artıran EJDERHA yeni radar, daha inkişaf etmiş elektro-optik sistemlər və daha güclü müdaxilə imkanları ilə tam müstəqil fəaliyyət göstərə bilən sistemə çevrilib.





