ASELSAN rabitə sistemlərinin Azərbaycanda istehsalı üçün texnologiya transferi hədəfləyir
ASELSAN şirkəti Azərbaycanda rabitə sistemləri və radio istehsalı üçün texnologiya transferini hədəfləyir.
Bu barədə ASELSAN şirkətinin sabiq İdarə Heyətinin sədri və baş direktoru (hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı) Prof. Dr. Haluk Görgün POLİQON jurnalına müsahibəsi zamanı danışıb.
“Türkiyədən fərqli görmədiyimiz Azərbaycana heç bir zaman “sadəcə məhsul satılsın, satılandan sonra gedib başqa bir məhsul sataq” məntiqi ilə yanaşmadıq. Dövlətlərimiz mövcud olduğu müddətcə ASELSAN həmişə burada var olacaq. Təbii ki, bunun ən kritik hissələrindən biri də bəzi məhsul və sistemlərin burada istehsal edilməsi olacaq.
Hazırda gündəmimizdə olan məsələlərdən biri də ASELSAN-ın Azərbaycanda rabitə sistemləri və radio istehsalı üçün texnologiya transferidir”, – deyə SSB başqanı vurğulayıb.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə ASELSAN-ın həyata keçiridiyi birgə layihələrin hazırkı durumu barəsində fikirlərini bölüşən Haluk Görgün bildirib ki, MSN və ASELSAN arasında yaxşı əməkdaşlıq var: “Hazırda, idarə olunan döyüş sursatları, ağıllı döyüş sursatları, rabitə və elektro-optik cihazlar diqqət mərkəzimizdəki sistemlərdir”.
“Azərbaycan Silahlı Qüvvələrini qısa, orta və uzunmüddətli perspektivdə gücləndirəcəyini proqnozlaşdırdığımız müxtəlif ölçüdəki və dərinlikdəki bir çox layihənin içərisində yer alırıq. Azərbaycanda sadəcə Müdafiə Nazirliyi ilə məhdudlaşmayıb, təhlükəsizlik qüvvələrinin daxil olduğu digər qurumlar və mülki strukturlarla da işləyirik.
ASELSAN ailəsi olaraq bizlər üzəriməzə düşən məsuliyyətin şüuru ilə dizyan və istehsal edərək, yorulmadan bütün gücümüzlə qardaş ölkəmiz üçün çalışmağa davam edəcəyik”, – deyə ASELSAN-ın sabiq baş direktoru qeyd edib.