
Avstriya İtaliyadan M-346FA yüngül hücum təyyarələri alır
İtaliyanın “Leonardo” şirkəti Avstriya Hərbi Hava Qüvvələrinə (HHQ) 12 ədəd M-346FA (Fighter Attack) yüngül hücum təyyarəsi tədarük edəcək.
“Poliqon” “Itamilradar” nəşrinə istinadən xəbər verir ki, bunun üçün İtaliya və Avstriya arasında G2G (government to government – hökumətdən hökumətə) müqaviləsi imzalanıb.
Nəşrin bildirdiyinə görə, 2024-cü ilin 30 dekabrında Vyanada və 31 dekabrında Romada imzalanmış Niyyət Məktubu vasitəsilə ötən ilin sonundan gözlənilən yekun satınalma müqaviləsi hökumətlərarası sazişlə rəsmi olaraq tamamlanıb.
İtaliya Müdafiə Nazirliyinin Hərbi Aviasiya Silahları və Uçuş Yararlılığı İdarəsi (DAAA) tərəfindən imzalanmış ilkin sənədə əsasən, Avstriya ilk mərhələdə 12 ədəd M-346FA təyyarəsi alacaq. Həmçinin müqavilədə hər birində altı ədəd olmaqla iki partiya şəklində daha 12 ədəd təyyarənin tədarükünü nəzərdə tutan əlavə satınalma maddəsi yer alır.