
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri sentyabrın 20-dən 22-dək Rusiyanın Həştərxan vilayətində keçiriləcək “Xəzər-2016” təlimində iştirak edəcəklər.
Bu barədə “AzeriDefence” Rusiya mətbuatına istinadən məlumat verib.
Təlimə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İrandan axtarış xilasetmə qrupları, ümumilikdə 600 nəfərdən çox şəxsi heyət və 100 texnika cəlb olunacaq.
İştirakçılar təbii və texnogen xarakterli fövqəladə halların aradan qaldırılması üzrə birgə hərəkətləri yerinə yetirəcəklər. Təlimdə həmçinin dənizdə fəlakət zamanı köməksiz qalan insanların xilas edilməsi, neft dağılmalarının aradan qaldırılması, yanğınların lokallaşdırılması və söndürülməsi məsələləri də icra olunacaq.
Təlim çərçivəsində müasir yanğınsöndürmə və xilasetmə texnikaları sərgisi və beynəlxalq konfrans təşkil olunacaq.



