Azərbaycan ilə Özbəkistan müdafiə sənayesi sahəsində birgə yol xəritəsi hazırlayacaq
Noyabrın 23-də müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcəkdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Özbəkistan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha uğurla inkişaf etdiriləcək.
Sonda hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə çərçivə sənədi olaraq yol xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.