Ukrayna havadan müşahidə və nəzarəti artıracaq
İsveç Müdafiə Nazirliyi Ukraynaya 13.3 milyard SEK (1.2 milyard ABŞ dolları) dəyərində 16-cı hərbi yardım paketini açıqlayıb.
“Poliqon” İsveç Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri İsveç tərəfindən Ukrayna üçün açıqlanan ən böyük hərbi yardım paketidir.
Bildirilib ki, hərbi yardım paketi Ukraynanın hava hücumundan müdafiə (HHM) imkanlarını artıracaq, hərbi potensialını gücləndirəcək və prioritet ehtiyaclarını ödəyəcək.
İsveç Ukraynaya HHM qabiliyyətini gücləndirmək üçün ASC 890 havadan müşahidə və nəzarət təyyarələri, “hava-hava” tipli RB 99-AMRAAM raketləri göndərəcək. Sözügedən raketlər yerüstü zenit-raket sistemlərindən atıla bilməsi üçün uyğunlaşdırılacaq.
Eyni zamanda, Ukraynada briqadaların yenidən qurulmasını dəstəkləməkdən ötrü İsveç Ordusunun ehtiyatındakı bütün PBV 302 zirehli transportyorları bağışlanacaq.
Bunlardan başqa, Ukraynaya artilleriya sursatları və əvvəllər bağışlanmış hərbi avadanlıqların saxlanması üçün maddi yardım veriləcək.
Məlumatda o da qeyd edilib ki, 2022-ci ilin fevralında Ukrayna-Rusiya müharibəsi başlayandan indiyə kimi İsveç Ukraynaya ümumilikdə 43.5 milyard SEK (4.1 milyard ABŞ dolları) dəyərində dəstək göstərib.