Azərbaycan Ordusunun komandoları Çin istehsalı dronlardan istifadə edir
Azərbaycan Ordusunun Komando bölmələri Çinin DJI şirkəti tərəfindən istehsal olunan “Mavic 3” dronlarından istifadə edir.
“Poliqon” xəbər verir ki, Azərbaycan Ordusunun komandoları “Mavic 3” dronundan istifadə etməklə kəşfiyyat və müşahidə tapşırıqlarını yerinə yetirir.
Əslində, DJI şirkətinin istehsal etdiyi “Mavic 3” dron ailəsi mülki təyinatlı istifadə üçün nəzərdə tutulub. Ancaq dronların bir sıra üstün xüsusiyyətlərə sahib olması onları hərbi istifadə üçün də uyğun edir. Bu ailəyə “Mavic 3”, “Mavic 3 Classic” və “Mavic 3 PRO” dronları daxildir.
Hazırda DJI şirkəti qlobal bazarda “Mavic 3 Classic” dronunu 1599 ABŞ dollarına, “Mavic 3 PRO”nu isə 2199 ABŞ dollarına müştərilərə təklif edir. Onların qiyməti əlavə aksesuarların alınıb-alınmamasından asılı olaraq arta və ya azala bilər.
“Mavic 3 PRO” dronunun kütləsi 958 qram, maksimum qalxış sürəti 8 m/san, uçuş sürəti 21 m/san, uçuş yüksəkliyi 6000 m, uçuş məsafəsi 23 km və havada qalma müddəti 43 dəqiqədir. Dron 5000 mAh-lıq Li-Ion 45 tipli batareya ilə təchiz edilib. Bu batareya 65W adapterlə 96 dəqiqəyə və 100W adapterlə 70 dəqiqəyə tam enerji yığır. Dron hədəfləri aşkarlamaq, izləmək idarəolunmanı təmin etmək üçün qlobal naviqasiya peyk sistemi (GNSS – GPS+Galileo+BeiDou) ilə təmin olunub.
8 GB daxili yaddaşa malik olan “Mavic 3 PRO” 3 fərqli kameraya sahibdir. Bunlar 20 MP-lik “Hasselblad”, 48 MP-lik orta tele və 12 MP-lik tele kameralardır. Dron “Hasselblad” kamera ilə 5280×3956, orta tele kamera ilə 8064×6048 və tele kamera 4000×3000 ölçündə fotolar çəkə bilir.
“Mavic 3 PRO” dronunun əsas üstünlüklərindən biri hədəfi izləyə bilmək bacarığıdır. Belə ki, dron, operatorun göstərişi ilə lazım olan hədəfə kilidləndikdən sonra onu müyyən edilən məsafədən izləyə bilir.