
Rusiya Azərbaycana “Pantsir-S1” zenit raket-top komplekslərinin (ZRTK) satışı ilə bağlı razılıq əldə olunacağını gözləyir.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Zvezda” telekanalına müsahibəsində bildirib.
“Pantsir-S1” komplekslərinin xarici müştərilər arasında yüksək tələbat gördüyünü deyən D.Şuqayev, müəyyən müddətdən sonra Rusiya ilə Azərbaycanın bu sistemlərin satışı ilə bağlı razılığa gələcəyinə inandığını vurğulayıb.
O, Azərbaycanın neçə kompleks ala biləcəyi, mümkün müqavilənin dəyəri və ya rəsmi danışıqların başlayıb-başlamadığı barədə məlumat verməyib.
Azərbaycan tərəfi də məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Şuqayev, həmçinin Azərbaycan Ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri üzrə müəssisələrin modernləşdirilməsini və yeni müəssisələrin tikintisini nəzərdə tutan kompleks proqramın imzalandığını da bildirib.






