
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində “Elite Events Hall”da Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad ediliv
Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu siyasi-strateji kursun bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin sərhəd mühafizə sisteminin müasir tələblərə cavab verən yüksək səviyyəyə çatdırıldığı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən vurğulanıb.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək Azərbaycan sərhədçilərinin dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması işini şərəflə yerinə yetirdiklərini böyük qürur hissi ilə qeyd edib
Bildirilib ki, sərhədçilərimiz Vətən müharibəsində döyüş meydanında nümayiş etdirdikləri igidlik və yüksək peşəkarlıqla şanlı Zəfərimizin qazanılmasına mühüm töhfə verib, Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni qəhrəmanlıq salnaməsi yazıblar. Azərbaycan sərhədçisinin Vətənimizin quru və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə yanaşı, dövlət sərhədində yarana biləcək istənilən təhdidə çevik və qətiyyətli cavab verməyə, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı kimi qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməyə qadir olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltif edilib.
Sərhədçilərin xidmətinin daim yüksək qiymətləndirilməsinə, şəxsi heyətə göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
Tədbirin bədii hissəsində Azərbaycan sərhədçisinin keçdiyi şərəfli xidmət yolunu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində görülən işləri və müasir sərhəd mühafizə sisteminin imkanlarını əks etdirən film nümayiş olunub, vətənpərvərlik ruhunda musiqilər ifa edilib.






