Azərbaycan tankçıları sürpriz təqdim edəcəklər

Azərbaycan tankçıları sürpriz təqdim edəcəklər

Vyetnamda “Ordu Oyunları” demək olar ki, özündə Olimpiya Oyunları ilə müqayisə oluna biləcək qədər böyük ictimai diqqəti cəlb edir.

“Poliqon” “Soha” nəşrinə istinadən xəbər verir ki, bu il “estafet yarışında” Vyetnam komandası Azərbaycanla mübarizə aparmalı olacaq.

Bu baxımdan vyetnamlı şərhçilər Azərbaycan tankçılarının potensialını təhlil edirlər.

“Xüsusilə Qarabağ münaqişəsi kontekstində əsl döyüş təcrübəsinə malik olan Azərbaycanın tank komandası, şübhəsiz ki, sürpriz edəcək”, – deyərək Soha nəşri inadkar mübarizə gözlədiyini qeyd edib.

Bildirilib ki, Azərbaycanın tank parkı 570 ədəd əsas döyüş tankı – 100 ədəd T -90S və 470 ədəd T -72 tankı ilə təmsil olunur ki, bunların da çoxu İsrailin “Elbit Systems” şirkəti ilə əməkdaşlıq nəticəsində “Aslan” səviyyəsinə qədər təkmilləşdirilib.

Müəllifin sözlərinə görə, iki il ardıcıl olaraq Azərbaycan komandası müsabiqədə 4-cü yeri tutub və bu yaxşı nəticədir. Müəllif bunu bir sıra üstünlüklərlə izah edir:

– birincisi, bu ölkənin qoşunları keçmiş Sovet Ordusu əsasında qurulub və buna görə də Azərbaycan Ordusunu Rusiya Ordusuna çox oxşar edən hazır infrastruktur və incələnmiş təlim prosesi miras qalıb;

– ikincisi, Azərbaycanın iqlim və hava şəraiti praktiki olaraq yarışın keçirildiyi yerlə üst-üstə düşür;

– üçüncüsü, T-72-ni idarə edən Azərbaycan tankçıları T-72B3 ilə yaxşı tanışdırlar və buna görə də öz maşınlarını turnirə gətirmək məcburiyyətində deyillər.

Müəllif sonda “Azərbaycan tankçıları Vyetnam komandasının ciddi rəqibləridir” nəticəsini çıxarır.

Xatırladaq ki, püşkatmanın nəticələrinə görə, “Tank biatlonu” yarışında Azərbaycan tankçılarının rəqibləri Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləridir. Azərbaycan tankçıları yarışın üçüncü günü – 24 avqustda çıxış edəcəklər.

Birinci divizionun püşkatmasının nəticələrinə görə, “Fərdi yarış”da Azərbaycan və Suriya heyətləri göy, Çin, Vyetnam və Serbiya heyətləri qırmızı, Rusiya, Qazaxıstan və Venesuela heyətləri yaşıl, Belarus və Özbəkistan heyətləri isə sarı tanklarda yarışacaqlar.

“Tank biatlonu” yarışı Rusiyanın Alabino hərbi poliqonunda baş tutacaq və “Beynəlxalq Ordu Oyunları – 2021” (ArMİ-2021) çərçivəsində keçirilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS