
Bakıda keçirilən ADEX-2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni istiqamətlərini nümayiş etdirməklə yanaşı, iki ölkə arasında hərbi-texniki tərəfdaşlığın institusional və texnoloji baxımdan daha da dərinləşdiyini göstərdi.
“Poliqon”un məlumatına görə, sərgi çərçivəsində imzalanan sənədlər yalnız silah və hərbi texnikanın tədarükünü deyil, eyni zamanda müdafiə sənayesi üzrə kadr hazırlığı, akademik əməkdaşlıq, elmi-tədqiqat, innovasiya, texnologiyaların lokallaşdırılması, birgə istehsal və sənaye kooperasiyasını əhatə etdi.
Bu baxımdan ADEX-2026 çərçivəsində imzalanan anlaşmaları Azərbaycan-Türkiyə müdafiə sənayesi münasibətlərinin daha geniş ekosistemə keçidi kimi qiymətləndirmək mümkündür.
Sərgidə Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 500 milyon dolları aşan bir sıra müqavilə və anlaşmalar imzalanıb. Bu sənədlər çərçivəsində TUSAŞ ilə HÜRKUŞ-II təyyarəsi, “Baykar” ilə MIZRAK ağıllı süzən sursatı və ANTIDOT elektron müharibə podu, ROKETSAN ilə “Barbaros” sahil mühafizə sistemi üzrə tədarük müqavilələri, ASELSAN ilə isə ALP-100 radarının tədarükünə dair anlaşma memorandumu imzalanıb.
Bu layihələr arasında 14 ədəd HÜRKUŞ-II təyyarəsinin Azərbaycana tədarükü xüsusi diqqət çəkir. Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan HÜRKUŞ-II platformasının Azərbaycan tərəfindən əldə olunması ölkənin hərbi pilot hazırlığı imkanlarının genişləndirilməsi və aviasiya təlim sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımdır.
ASELSAN ilə ALP 100 radarının tədarükünə dair anlaşma Azərbaycanın hava məkanına nəzarət və radiolokasiya imkanlarının inkişafı baxımından diqqətçəkən addımlardan biridir. S-diapazonlu AESA texnologiyasına əsaslanan ALP 100 müxtəlif aerodinamik hədəflərin, o cümlədən pilotsuz uçuş aparatları, döyüş təyyarələri, helikopterlər və qanadlı raketlərin aşkarlanması və izlənilməsi üçün nəzərdə tutulub. Radar eyni zamanda raket, artilleriya və minaatan mərmilərinin aşkarlanması və trayektoriyalarının hesablanması imkanlarına malikdir. Sistemin komanda-idarəetmə vasitələri və digər HHM elementləri ilə inteqrasiya imkanları Azərbaycanın çoxqatlı hava hücumundan müdafiə arxitekturasının gücləndirilməsinə və daha ətraflı hava mənzərəsinin formalaşdırılmasına töhfə verə bilər.
ROKETSAN ilə “Barbaros” sahil mühafizə sistemi üzrə imzalanan müqavilə Azərbaycanın dənizdə çəkindiricilik imkanlarının gücləndirilməsi baxımından diqqət çəkir. ÇAKIR və ATMACA raketlərindən istifadə edən “Barbaros” platformasının Azərbaycan Silahlı Qüvvələrinin dəniz imkanlarına mühüm töhfə verəcəyi qeyd olunur.
Eyni zamanda, “Baykar” ilə MIZRAK ağıllı süzən sursatı və ANTIDOT elektron müharibə podu üzrə imzalanan müqavilələr müasir döyüş meydanında pilotsuz sistemlər və elektron mübarizə texnologiyalarının artan rolunu əks etdirir.
ADEX-2026-nın ən diqqətçəkən nəticələrindən biri də Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığının yalnız məhsul və sistem tədarükü ilə məhdudlaşmaması oldu.
Sərgi çərçivəsində Türkiyənin Ali Təhsil Şurası, Türkiyə Müdafiə Sənayesi Komitəsi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Elm və Təhsil Nazirliyi arasında müdafiə sənayesi sahəsində akademik əməkdaşlığa dair memorandum imzalanıb. Bu sənəd müdafiə sənayesi üçün ixtisaslı kadrların hazırlanması, ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və müdafiə sənayesinin elmi potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Digər mühüm sənəd isə Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi (MSTİM) ilə Türkiyənin Müdafiə Sənayesi Akademiyası arasında imzalanıb. Sənədin əsas istiqamətlərini tədqiqat-inkişaf, təhsil və universitet-sənaye əməkdaşlığı təşkil edir.
ADEX-2026 çərçivəsində ASELSAN ilə NOVASIS arasında Naxçıvanda zavodun yaradılmasına dair ilkin razılaşmanın imzalanması da diqqət çəkən hadisələrdən biri olub. Bu razılaşma Azərbaycan ərazisində müdafiə sənayesi məhsullarının istehsal imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Sərgidə “Boğaziçi Savunma” ilə NOVASIS arasında RF əsaslı sistemlərin hazırlanmasına dair anlaşma memorandumu da imzalanıb. RF – radio tezlik əsaslı texnologiyalar müasir müdafiə sistemlərində geniş tətbiq olunur. Bu istiqamətdə əməkdaşlığın qurulması gələcəkdə müxtəlif radioelektron sistemlərin, sensorların, elektron mübarizə və digər texnoloji həllərin hazırlanması üçün yeni imkanlar yarada bilər.
Həmçinin “Kayı Savunma” ilə NOVASIS arasında da əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd iki ölkənin özəl müdafiə sənayesi şirkətləri arasında əlaqələrin genişləndiyini göstərir.
Bunlardan başqa MKE ilə “MİRAS Hərbi Sənaye Şirkəti” MMC arasında strateji əməkdaşlıq və biznesin inkişafına dair anlaşma memorandumu, “MİRAS Hərbi Sənaye Şirkəti” MMC ilə “Otokar” arasında isə logistika dəstəyi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Ümumilikdə, ADEX-2026 çərçivəsində Azərbaycan və Türkiyə arasında imzalanan tədarük müqavilələri, anlaşma memorandumları və əməkdaşlıq sənədləri iki ölkənin müdafiə sənayesi tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Əməkdaşlığın yalnız hərbi texnika və silah sistemlərinin tədarükü ilə məhdudlaşmayaraq birgə istehsal, lokallaşdırma, tədqiqat-inkişaf, kadr hazırlığı və universitet-sənaye əməkdaşlığı istiqamətlərini də əhatə etməsi xüsusilə diqqət çəkir.





