Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb – VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb – VİDEO

İyunun 7-də Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib.

Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola əsasən, general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.

Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən general-polkovnik Z.Həsənov, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən Qazaxıstanın müdafiə naziri R.Jaksılıkov, general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə dəvət edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Qazaxıstan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayelin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

CATEGORIES
TAGS