Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyində türkiyəli nümayəndə heyəti ilə görüş keçirilib.

Hər iki Ordunun döyüş əməliyyatları zamanı şəhid olan hərbi qulluqçularının xatirəsi ehtiramla anılıb, tərəflər şəhidlərə Allahdan rəhmət diləyiblər.

Müdafiə naziri Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. İki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.

C.S.Tüfekçi iki ölkə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

CATEGORIES
TAGS