Azərbaycanda HAVELSAN şirkətinin nümayəndəlik ofisinin açılışı olub

Azərbaycanda HAVELSAN şirkətinin nümayəndəlik ofisinin açılışı olub

Türkiyənin ən böyük texnologiya şirkətlərindən sayılan HAVELSAN şirkətinin Azərbaycanda nümayəndəlik ofisinin açılışı olub.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, nümayəndəlik ofisi Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”da yerləşir.

Ofisin açılış mərasimində Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar iştirak edib.

Qeyd edək ki, HAVELSAN öz təcrübəsi, mütəxəssis işçiləri, yüksək texnologiyaya əsaslanan proqram təminatı tələb edən orijinal həllər və məhsulları ilə beynəlxalq bazarda lider brendə çevrilən bir şirkətdir. HAVELSAN şirkəti, öz bünyəsində hazırlanan yüksək texnologiya və proqram təminatı ilə yanaşı müdafiə, təhlükəsizlik və informasiya sektorlarında texnologiya istehsal edən və biznes ekosistemində yer alan şirkətlərin həll və məhsullarını bir araya gətirərək müştərilərinə açar təslim həllər təklif edir.

HAVELSAN-ın baş direktoru Dr. Mehmet Akif Nacar ötən il POLİQON jurnalına verdiyi müsahibəsində “HAVELSAN-Bakı” ofisinin fəaliyyət istiqamətləri, həyata keçirəcəyi layihələr və perspektiv planlarından danışıb.

Şirkət direktorunun sözlərinə görə, “HAVELSAN-Bakı” ofisi tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinə tövsiyə etdiyi sistemlərin quraşdırılması, texniki dəstək fəaliyyətləri yerində və sürətlə, fasiləsiz olaraq təmin ediləcək.

Mehmet Akif Nacar bildirib ki, HAVELSAN şirkəti Azərbaycana verdiyi önəmi göstərmək üçün 2021-ci ilin son rübündən etibarən Bakıda filialını açıb: “Bu sayədə il ərzində Türkiyə ilə Azərbaycan arasında səyahətlər edilməsi əvəzinə, fəaliyyətlərimizi və mümkün əməkdaşlıqları yerində izləməyi hədəfləyirik. Ehtiyacların təhlili, spesifikasiyaların hazırlanması və tenderlərin yekunlaşdırılmasından sonra zəruri logistik dəstəyin təmin edilməsi və təlimlərin yerində keçirilməsi baxımından yerli strukturun yaradılması son dərəcə vacibdir. Beləliklə, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinə tövsiyə etdiyimiz sistemlərimizin quraşdırılması məqsədi çərçivəsində texniki dəstək fəaliyyətləri yerində və sürətlə, fasiləsiz olaraq təmin ediləcək”.

Mehmet Akif Nacar bildirib ki, hərbi sənayedən başqa, mülki sahələrdə də HAVELSAN məhsul və həllərini təklif etmək və fəaliyyətlərinin daha səmərəli hala gətirilməsi məqsədilə; Azərbaycan dövlətinin bir çox qurumları ilə əlaqələri gücləndirilməsi üçün də yerli strukturlaşma ehtiyacının olduğu açıqdır.

“HAVELSAN olaraq yeni texnologiyalarda gəldiyimiz nöqtə və hədəflərimizi Azərbaycanın sahib olduğu potensialı ilə dəstəkləmək və gücləndirmək üçün ciddi iradəyə sahib olduğumuzu da bir daha qeyd etmək istərdik”, – deyə HAVELSAN şirkətinin baş direktoru vurğulayıb.

Xatırladaq ki, ötən gün Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib.

CATEGORIES
TAGS