Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb – VİDEO

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb – VİDEO

İyunun 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə ölkəmizdə rəsmi səfərdə olan İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusi vurğulayıb. Ölkəmizin əlamətdar günü – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızda olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.

Müdafiə naziri Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

İtaliyanın müdafiə naziri ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

CATEGORIES
TAGS