Azərbaycanın Su-25M təyyarəsində ASELSAN-ın LGK lazer tuşlama dəsti nümayiş etdirilib
Xəbər verdiyimiz kimi Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti Azərbaycan HHQ-nin hərbi hissələrini ziyarət edib. Türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.
“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən paylaşılan görüntülərdə Azərbaycan HHQ-ə məxsus Su-25M döyüş təyyarəsi üzərində ASELSAN şirkətinin istehsalı olan LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) nümayiş olunub.
ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu yeni dəstlər bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır.
Əldə edilən məlumata görə, Vətən müharibəsində əks hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinə məxsus Su-25M döyüş təyyarələri tərəfindən LGK lazer tuşlama dəsti geniş istifadə edilib. “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının lazer işarələməsindən sonra Su-25M döyüş təyyarəsi LGK lazer tuşlama dəsti ilə komplektləşdirilən aviasiya bombası ilə Ermənistan Ordusunun hədəflərini uğurla sıradan çıxarıb.
Azərbaycan HHQ-nin Su-25M döyüş təyyarələrinin LGK lazer tuşlamalı ağıllı aviasiya bombasından istifadə etməsi minimum sursat tətbiqi ilə daha çox sayda hədəflərin dəqiq və daha təhlükəsiz şəratitdə sıradan çıxarılması ilə nəticələnib. Fakt olaraq onu deyə bilərik ki, LGK-nin ənənəvi bombaları ağıllandırmasının düşmənin təyin olunmuş 65 hədəfini, o cümlədən hərbi qüvvəsini, DOT və DZOT-larının, hərbi obyektlərinin və texnikasının 100 faiz məhv edilməsində böyük rolu oldu.
Qeyd edək ki, LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir.
Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. Fəaliyyət məsafəsi 12 km, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, zərbə bucağı 15O təşkil edir.