
Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi nümayəndələrinin iştirakı ilə illik iclas keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirin açılışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev çıxış edərək hərbi diplomatiyanın inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və qarşıda duran mühüm vəzifələr barədə ətraflı məlumat verib.
İclasda hərbi attaşelərin və nümayəndələrin ötən dövr ərzində görülən işlər, aidiyyəti ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv fəaliyyət istiqamətləri üzrə hesabat məruzələri dinlənilib.
Görüşlərdə beynəlxalq hərbi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub və hərbi diplomatların qarşısında duran əsas vəzifələrə dair müvafiq tapşırıqlar verilib.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən aktual mövzular barədə təqdimatlar təşkil olunub.
Sonra hərbi attaşelər və nümayəndələr Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar.
Yekunda iştirakçılar Zəfər parkını ziyarət edib, xatirə şəkli çəkdiriblər.








