Azərbaycan və Pakistan arasında hərbi əlaqələr möhkəmlənir

Pakistan Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Xalid Şamim Vaynın (Khalid Shameem Wynne) Azərbaycana səfəri başlayıb. “AzeriDefence”nin məlumatına görə, Pakistan Silahlı Qüvvələrinin rəhbəri bu gün səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirib.

Pakistan nümayəndə heyəti öncə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. “AzeriDefence”nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə hər iki ölkənin dövlət himni səslənib.

Geniştərkibli görüşdə hərbi əməkdaşlıq məsələlərinin müxtəlif sahələr üzrə daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb, irəli sürülən konkret təkliflərin reallaşması üçün işçi qrupların fəaliyyətə başlanması qərara alınıb.

Görüş zamanı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qonağı regionda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin yaratdığı problemlər barədə məlumatlandırıb.

“Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifələrə toxunan müdafiə naziri bildirib ki, biz bölgədə sülhün tərəfdarıyıq, ancaq torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə Azərbaycan digər zəruri tədbirləri həyata keçirməkdən çəkinməyəcək”- deyə nazir bildirib.

Öz növbəsində general Xalid Şamim Vayn Pakistanın həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu və haqq mübarizəsində ölkəsinin Azərbaycanı dəstəklədiyni bəyan edib.

Səfər çərçivəsində general Vaynın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində (FHN) də olub. Görüşdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib. Hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb. O, həmçinin, Pakistanda musson yağışları nəticəsində baş vermiş daşqınlardan zərər çəkmiş insanlara Fövqəladə Hallar Nazirliyinin göstərdiyi yardıma görə təşəkkür edib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev də Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələr arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib. Səfərin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

KATEQORIYA: