Bakıda keçirilən kibertəhlükəsizlik konfransı öz işinə başlayıb

Bakıda keçirilən kibertəhlükəsizlik konfransı öz işinə başlayıb

Cari ilin 21 sentyabr tarixində Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı öz işinə başlayıb.

Bu barədə “Poliqon” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) mətbuat mərkəzinə istinadən xəbər verib.

Bildirilib ki, Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslərin iştirakı nəzərdə tutulub.

Konfransın açılış mərasimində XRİTDX-nin rəis müavini, general-mayor Allahverən İsmayılov, PROSOL şirkətinin İdarə heyətinin sədri Babək Ağayev, İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Olmert, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld və İsrailin Azərbaycandakı səfiri Corc Dik iştirak ediblər.

Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilib. Konfransın ikinci günü kiberhücum simulyasiyası ssenarisi üzrə interaktiv panel olmaqla daha dörd panel müzakirə, həmçinin 10 kiberkomandanın iştirak edəcəyi və “Taxt Oyunları” konsepti əsasında kiberyarış təşkil olunacaqdır. Konfransın sonuncu günündə Azərbaycanın Dövlət qurumları “İT rəhbərlərinin II-ci Zirvə Toplantısı” baş tutacaqdır.

Qeyd edək ki, “İT rəhbərlərin I-ci Zirvə Toplantısı” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən cari ilin fevral ayında keçirilib.

CATEGORIES