
Türkiyənin HAVELSAN şirkəti tərəfindən inkişaf etdirilən BARKAN yerüstü döyüş robotu ailəsinin imkanları EFES-2026 təlimində nümayiş olunub.
“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin inventarında aktiv şəkildə xidmət edən BARKAN 2, EFES-2026 təlimində çətin sahə ssenariləri çərçivəsində öz imkanlarını sərgiləyib.
Eyni zamanda, bu ailənin ən yeni üzvü olan BARKAN 3 də ilk dəfə genişmiqyaslı bir təlimin Müdafiə Sənayesi Sərgisində təqdim edilib. SAHA 2026 sərgisində təqdimatı keçirilən BARKAN 3, bu dəfə təlimdə iştirak edən hərbi nümayəndə heyətlərinin qarşısına çıxarılıb. BARKAN 3 daha inkişaf etmiş sensor füzyonu, artırılmış faydalı yük daşıma qabiliyyəti və modul quruluşu ilə diqqət çəkir.
Xatırladaq ki, Türkiyə müdafiə sənayesində yerli istehsal səviyyəsini və sahədə insansız sistemlərin rolunu artırmaq strategiyası çərçivəsində SAHA 2026-da bir sıra addımlar atılaraq müxtəlif sayda BARKAN 3 vasitələrinin tədarükünə dair müqavilə dəyişiklikləri imzalanıb. Bu sayədə HAVELSAN gələcək dövrdə də təhlükəsizlik qüvvələrinə müxtəlif saylarda BARKAN 3 vasitələrini tədarükünə davam edəcək.
HAVELSAN-ın “rəqəmsal birlik” vizyonu ilə inkişaf etdirilən BARKAN ailəsi sahədə istifadəçiyə bir sıra üstünlüklər təqdim edir. Yüksək riskli bölgələrə ilk girişin yerüstü robotlarla həyata keçirilməsi sayəsində insan itkisi riski azaldılır. PUA və digər insansız platformalarla inteqrasiya olunaraq birgə fəaliyyət göstərə bilən BARKAN-ın üzərinə tapşırıq növünə görə silah qülləsi, robot qol, KBRN sensorları və ya logistika daşıma modulu quraşdırıla bilər. İnkişaf etmiş süni intellekt alqoritmləri sayəsində GPS olmayan mühitlərdə belə marşrut planlaşdırma və maneələrdən yayınma qabiliyyətlərini uğurla icra edir.
BARKAN 3 orta sinif 2-ci səviyyəli insansız quru vasitələri kateqoriyasına daxildir. Robot yenidən dizayn edilərək, ərazi performansı və manevr qabiliyyəti yaxşılaşdırılıb və ölçü baxımından digər BARKAN versiyalarına nisbətən böyüdülüb. Yeni ölçüləri ilə sabitlik və yük daşıma qabiliyyəti artırılıb, hərəkət sistemi yenilənib.
Güc ötürmə sistemi təkmilləşdirilərək daha yüksək sürət və fırlanma momenti əldə olunub, batareya paketi və sistem arxitekturası yenilənərək isə enerji səmərəliliyi artırılıb. Həmçinin sürət, sudan keçid və dik maneələri aşma qabiliyyətləri yüksəldilib.
Sürüş və mühit tanıma kameraları inteqrasiya olunan robota, çoxlu LiDAR sistemləri və radar əsaslı avtonomiya sensorları əlavə edilib, o cümlədən avtonomiya alqoritmləri optimallaşdırılıb.
Əlavə olaraq, BARKAN 3-ün maneələrdən yayınma, dinamik marşrut planlama və lideri izləmə qabiliyyətləri təkmilləşdirilib, GPS-dən asılı olmadan missiya icra etmə qabiliyyəti gücləndirilib, 3D xəritələmə və ətraf mühitin qavranılması performansı artırılıb. Rabitə itkisi halında təhlükəsiz geri dönüş mexanizmləri inkişaf etdirilən yerüstü robotun, müxtəlif faydalı yük daşıma qabiliyyəti qorunub optimallaşdırılıb.







