
“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) LGK-82 və TEBER-82 tuşlama dəstləri ilə atış sınağı həyata keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.
Bildirilib ki, sınaq zamanı əvvəlcə “Bayraktar KIZILELMA”ya quraşdırılmış “Toygun” elektro-optik sensor sistemi vasitəsilə yerüstü hədəflər təyin edilib. Daha sonra isə bu hədəflər LGK-82 və TEBER-82 tuşlama dəstləri dəqiq şəkildə vurulub.
ASELSAN şirkətinin hazırladığı “Toygun”, pilotlu və pilotsuz döyüş təyyarələrinin hədəfləmə, kəşfiyyat və müşahidə tapşırıqlarını yerinə yetirə bilməsi üçün hazırlanmış elektro-optik sensor sistemidir. Bu sistem istifadəçiyə təkli/çoxlu hədəfləri izləməyə, onları avtomatik tanımağa, lazerlə hədəfi işarələməyə və ona qədər olan məsafəni ölçməyə, habelə tapşırıqdan asılı olaraq “hava-hava” və “hava-yer” təhdidlərini hədəfləməyə imkan verir.
“Toygun” elektro-optik sensor sistemi lazer məsafəölçən sayəsində 35 kilometr məsəfəyə qədər olan hədəfləri aşkarlaya bilir. NATO STANAG 3733 standartına uyğun formada hazırlanan “Toygun”, -40 ilə +70 dərəcə aralığındakı temperaturda çalışmaq qabiliyyətinə malikdir.
ASELSAN şirkəti tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən LGK lazer tuşlama dəsti idarəolunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu dəst 250 lb sinifindəki MK-81, 500 lb sinifindəki MK-82, 1000 lb sinifindəki MK-83 və 2000 lb sinifindəki MK-84 aviasiya bombalarını sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirir. LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, daha çox atəş məsafəsi, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanları təmin edir.
TEBER tuşlama dəsti “Roketsan” tərəfindən Mk-81 və Mk-82 aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. TEBER, sadə aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə, idarə olunan “ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən TEBER, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.
2024-cü ildə “Roketsan” şirkəti TEBER tuşlama dəstinin dizaynında dəyişiklik edib. Dəyişiklik çərçivəsində TEBER tuşlama dəstinin dizaynına qanadlar əlavə olunub. Beləliklə, əvvəllər quyruq hissəsindəki qanadlardan, bombanı əhatə edən “köynək”dən və uc hissəsindəki lazer tuşlama başlığından (LTB) ibarət olan TEBER-in gövdəsində artıq qanadlar da yer almaqdadır. Bu qanadlar pilotsuz uçuş aparatları (PUA) tərəfindən TEBER-in istifadəsini asanlaşdırır.




