BƏƏ-də IDEX-2023 və NAVDEX-2023 sərgiləri öz işinə başlayıb

BƏƏ-də IDEX-2023 və NAVDEX-2023 sərgiləri öz işinə başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində keçirilən 16-cı IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 7-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransı öz işinə başlayıb.

“Poliqon” xəbər verir ki, fevralın 24-nə kimi davam edəcək IDEX sərgisində 65 ölkədən 1350 şirkət öz məhsullarını nümayiş etdirir.

IDEX-2023-ə qatılan BƏƏ, Türkiyə və ABŞ sərgidə ən böyük pavilyona sahib olan ölkələrdir. 2021-ci il ilə müqayisədə sərginin ümumi sahəsi 20% artaraq 165.000 kvadratmetrə çatıb. Sərginin keçirildiyi ümumi ərazi 13 salonu əhatə edir.

IDEX və NAVDEX sərgiləri BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan hamiliyi altında Müdafiə Nazirliyi və BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanlığının təşkilatçılığı ilə ADNEC mərkəzində keçirilir.

Artıq 30 ildir keçirilən IDEX dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdəndir. IDEX-2023-də ABŞ, Türkiyə, Cənubi Koreya, Kanada, Misir, Braziliya, BƏƏ, Avstraliya, Böyük Britaniya, Hindistan, Çexiya, Avstriya, İsrail, Fransa, Xorvatiya, Belarus, İtaliya, Rusiya və bir çox ölkənin həm dövlət, həm də özəl şirkətləri öz məhsullarını nümayiş etdirir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də sərgidə stendlə təmsil olunur.

POLİQON hərbi-texnoloji jurnalı IDEX-2023 və NAVDEX-2023 sərgilərinin media tərəfdaşı qismində çıxış edir.

Poliqon.az

CATEGORIES
TAGS