Belarusda MILEX-2023 sərgisi öz işinə başlayıb 

Belarusda MILEX-2023 sərgisi öz işinə başlayıb 

Belarusun paytaxtı Minsk şəhərində keçirilən və mayın 20-dək davam edəcək XI MILEX Beynəlxalq Silah və Hərbi Texnika sərgisi öz işinə başlayıb.

“Poliqon” “BelTA” informasiya agentliyinə istinadən xəbər verir ki, sərginin açılış mərasiminə qatılan Belarusun müdafiə naziri Viktor Xrenin, Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç, Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus və digər rəsmi şəxslər çıxışlar edib.

Belarusun müdafiə naziri V.Xrenin bildirib ki, ağır hərbi-siyasi vəziyyətə baxmayaraq, sərgiyə qatılan qonaqlar arasında dünyanın demək olar bütün regionlarından nümayəndələr var.

Nazirin sözlərinə görə, Belarusda keçirilən sərgidə təkcə yeni və ən qabaqcıl texnologiyaya malik silahlar deyil, həm də davamlı və etibarlı məhsullar təqdim olunur: “Onlardan bəziləri XX əsrin sonunda və hətta ortalarında işlənib hazırlanıb, lakin hələ də öz potensialını və resursunu tükəndirməyib. Bu da dərin modernləşmədən və müasir müharibə şəraitinə uyğunlaşdırıldıqdan sonra onların döyüş effektivliyini, operativliyini, xüsusiyyətlərini və erqonomikasını əhəmiyyətli dərəcədə artırıb”.

Daha sonra Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç açılış mərasimində çıxış edib. O, müasir dövrdə müdafiə sektorunun iqtisadiyyatın ən prioritet, texniki və yüksək tələbatlı sahələrindən birinə çevrildiyi diqqətə çatdırıb.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, iqtisadi və siyasi sanksiyalar altında ölkənin müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullar beynəlxalq silah bazarında kifayət qədər rəqabət aparmaq qabiliyyətindədir və onlara tələbat var. Hazırda keçirilən MILEX-2023 sərgisi Belarus müdafiə sənayesi tərəfindən istehsal edilən ən yaxşı məhsulları və həlləri bir araya toplayıb.

Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus da öz çıxışında MILEX-2023 sərgisinin belə bir mürəkkəb dövrdə keçirilməsindən və onun əhəmiyyətdən danışıb. Sədr MILEX-in Belarus müdafiə sənayesinin potensialını geniş ictimaiyyətə çatdırılması yönündəki rolunu yüksək qiymətləndirdiyini qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS