SərgilərXəbərlər

BMC şirkəti PAMİR, KİRPİ II və VURAN 4×4-ü ADEX-2026 sərgisində nümayiş etdirəcək

Türkiyənin BMC şirkəti hərbi nəqliyyat vasitələrini 30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX-2026) nümayiş etdirəcək.

Bu barədə “Poliqon”a BMC şirkətindən məlumat verilib.

Bildirilib ki, müdafiə sənayesinin mühüm beynəlxalq görüş platformalarından biri olan ADEX-2026 sərgisində şirkət şəxsi heyətin və logistika yüklərinin daşınması üzrə yüksək performansı ilə seçilən yeni hərbi nəqliyyat vasitəsi PAMİR 4×4-ü, KİRPİ-nin yerli TUNA mühərriki ilə təchiz edilərək təkmilləşdirilmiş versiyası olan KİRPİ II 4×4-ü, həmçinin çətin iqlim və relyef şəraitində yüksək performans, dayanıqlılıq və çeviklik təmin edən VURAN 4×4-ü beynəlxalq ziyarətçilərə təqdim edəcək.

NATO standartlarına uyğun şəkildə inkişaf etdirdiyi nəqliyyat vasitələrini dünyanın müxtəlif coğrafiyalarında və çətin relyef şəraitində orduların istifadəsinə təqdim edən BMC, sərgi boyunca quru sistemləri sahəsində mühəndislik imkanlarını və müdafiə sənayesinə yönəlmiş innovativ həllərini nümayiş etdirəcək.

BMC, ADEX-2026 çərçivəsində keçiriləcək görüşlər vasitəsilə başda Azərbaycan olmaqla, region ölkələri ilə mövcud əməkdaşlıqları inkişaf etdirməyi və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməyi hədəfləyir.

Back to top button