Bolqarıstan IRIS-T ZRK alınmasını nəzərdən keçirəcək
Bolqarıstan özünün hava hücumundan müdafiə sistemini gücləndirmək üçün Almaniyadan IRIS-T zenit-raket komplekslərinin (ZRK) alınması imkanlarını nəzərdən keçirəcək.
“Poliqon” “Mediapool.bg” saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Bolqarıstan hökumətinin müvafiq layihəsi təsdiq olunmaq üçün ölkə parlamentinə təqdim edilib.
Sənəd Almaniyanın “Diehl Defence” şirkətindən ən azı bir orta mənzilli IRIS-T SLM hava hücumundan müdafiə sisteminin ilkin alınmasını nəzərdə tutur. Bolqarıstan hökuməti buna 182,11 milyon avro (356 184 633 lev) xərcləməyi planlaşdırır.
Eyni zamanda qeyd edilir ki, beşə qədər əlavə IRIS-T SLM və SLX versiyasında daha böyük fəaliyyət radiusuna malik bir kompleks almaq mümkündür.
Yeni zenit komplesləri Bolqarıstanın keçən il qoşulduğu “Avropa göy qalxanı təşəbbüsü” (“European Sky Shield Initiative”) çərçivəsində alınmalıdır.
Artıq on yeddi Avropa ölkəsinin qoşulduğu layihə, ölkələrin hava hücumundan və raketdən müdafiə sistemlərinin alınmasını koordinasiya edərək xərclərini azaltmaq məqsədi daşıyır. Layihə həm də təlim, texniki xidmət və logistika sahəsində əməkdaşlığı təmin etməlidir.
SLX versiyasında IRIS-T ZRK hələ də inkişaf mərhələsindədir. Bu modifikasiyanın inkişafı 2022-ci ilin oktyabrında elan edilib.
“Diehl Defence” şirkəti iddia edir ki, yeni hava hücumundan müdafiə kompleksi 80 km-ə qədər məsafədə (IRIS-T SLM ilə müqayisədə 2 dəfə artıb) və 30 km-ə qədər yüksəklikdə (IRIS-T SLM ilə müqayisədə 1,5 dəfə artıb) hava hədəflərinin məhv edilməsini təmin etməlidir.
IRIS-T SLX istənilən istiqamətdən gələn təhdidləri dəf etməyə imkan verən 360°-lik işi ilə fərqlənir. Sistem eyni vaxtda bir neçə hədəfi effektiv şəkildə vurmağa qadirdir. Bu kompleksdə yüksək səviyyədə avtomatlaşdırma əldə edilmişdir və buna görə də heyətin işinə minimal tələblər qoyulur.
Raket radiolokasiya və infraqırmızı rejimlərdə işləyən kombinələşdirilmiş özütuşlama başlığı ilə təchiz edilib. Zenit idarə olunan raketlərin aviasiya tərəfindən istifadə edilən infraqırmızı susdurma və yalançı termal hədəflərin istifadəsi kimi əks tədbirlərə qarşı dayanıqlığı artırılıb.
Ümumilikdə IRIS-T ailəsinin zenit-raket kompleksləri təyyarələri, helikopterləri və PUA-ları, həmçinin qanadlı raketləri məhv etmək üçün təyin edilib.
“Diehl Defence” şirkəti IRIS-T ZRK-nin baş podratçısı və sistem inteqratorudur. O, buraxma qurğularının və zenit raketlərinin tədarükünə cavabdehdir.
Sistem inkişaf etdirilən SLX versiyasından başqa, müxtəlif növ raketlərlə təchiz edilmiş orta və kiçik radiuslu modifikasiyalara malikdir. IRIS-T SLM hava hədəflərini 40 km-ə qədər, IRIS-T SLS versiyası isə 12 km-ə qədər məsafədə vurmağa imkan verir.
Buraxma qurğuları MAN 8×8 təkərli və ya iki bölməli yüksək keçidlikli BvS10 tırtıllı maşınının şassisinə malik ola bilər və şaquli buraxılış üçün raketləri olan 4 istiqamətləndirici və ya 8 konteynerdən ibarət ola bilər.
IRIS-T (Infra Red Imaging System Tail/Thrust Vector-Controlled) həm “hava-hava”, həm də “yer-hava” modifikasiyalarında istehsal edilən soyudulan infraqırmızı özütuşlama başlıqlı qısa və orta mənzilli raketdir.
Raket 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində o zaman bəzi NATO ölkələri tərəfindən istifadə edilən AIM-9 “Sidewinder” aviasiya raketini əvəz etmək üçün infraqırmızı özütuşlama başlıqlı qısa və orta mənzilli “hava-hava” sinif aviasiya raketinin inkişafı üçün Almaniyanın rəhbərlik etdiyi proqram çərçivəsində hazırlanıb. Proqramın məqsədi AIM-9 “Sidewinder” raketini buraxa bilən istənilən təyyarənin IRIS-T raketini də buraxa bilməsidir.
Raketin “hava-hava” modifikasiyası silahlanmaya 2005-ci ildə qəbul edilib. Raketin “yer-hava” modifikasiyası isə daha sonra yaradılıb: qısa mənzilli IRIS-T SLS sistemi 2015-ci ildə, orta mənzilli IRIS-T SLM sistemi isə 2022-ci ildə silahlanmaya qəbul edilib.
Qeyd edək ki, Almaniya tərəfindən Ukraynaya verilən bir IRIS-T SLM batareyası yük maşınına quraşdırılmış səkkiz raket daşıyan (40 km mənzilli) üç buraxma qurğusundan və 20 km-ə qədər məsafədə yerləşə bilən ayrıca komanda maşınından ibarətdir.
Komanda maşını özündə çoxsaylı radiolikasiya şüalanma mənbələrini birləşdirir və eyni vaxtda 24 raketin hamısını buraxmaq və izləmək qabiliyyətinə malikdir. IRIS-T SLM “hava-yer” sinif raketlərə və qanadlı raketlərə, o cümlədən “Kalibr” kimi alçaqdan uçan, gizli raketlərə qarşı dura bilir.
Raketin əsas taktiki-texniki xassələri:
– uzunluğu – 2936 mm;
– diametri – 127 mm;
– qanad açıqlığı – 350 mm;
– start kütləsi – 87,4 kq;
– həm ön, həm də arxa yarımkürədə buraxılış məsafəsi – ~25 km;
– tavanı – 20 km-ə qədər;
– uçuş sürəti: 3 Mach-a qədər (1020 m/s və ya 3672 km/saat);
– döyüş başlığı – qəlpəli-fuqas;
– döyüş başlığının kütləsi – 11,4 kq;
– partladıcının növü – aktiv radiolokasiya;
– mühərrik qurğusu – bərk yanacaqlı raket mühərriki.
Bundan əvvəl xarici KİV məlumat vermişdi ki, Latviya IRIS-T kompleksinin tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin məbləği təxminən 600 milyon avro təşkil edir və sistemin özü 2026-cı ildə Latviyaya təhvil veriləcək.
Əhəd Vahidoğlu