
Böyük Britaniyada BOXER zirehli maşınının bazasında özüyeriyən minaatan təqdim edilib
Böyük Britaniyanın RBSL şirkəti BOXER zirehli maşını bazasında hazırladığı özüyeriyən minaatan sistemini nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall BAE Systems Land” (RBSL) şirkəti məlumat yayıb.
Bildirilir ki, RBSL 120 mm-lik minaatan sistemini BOXER zirehli maşınına uğurla inteqrasiya edib. Bu sistem universaldır, əməliyyat tələblərinə uyğun olaraq müxtəlif çaplı silahlardan istifadə etməyə imkan verir.
Sistemin ümumi layihələndirilməsi və inteqrasiyası RBSL mühəndisləri tərəfindən həyata keçirilib. Qeyd olunur ki, bu funksiyanın sürətlə həyata keçirilməsi bir sıra sənaye tərəfdaşları ilə sıx əməkdaşlıq nəticəsində mümkün olub.
Mexanikləşdirilmiş piyadaların yüksək atəş gücünə ehtiyacı tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün çox vacibdir. Bu “BOXER” sistemi hədəfin avtomatik aşkarlanmasını və dəqiqədə 16-18 atış tezliyinə malik yüksək atəş sürətini təmin edir.
Yarımavtomatik minaatan sistemi müxtəlif çaplı və quruluşlu minaatanlarla təchiz oluna bilər ki, bu da müştərilərə mövcud minaatanlarından istifadə etməyə imkan verir.
Dörd nəfərdən ibarət heyət 270 dərəcə atəş sektoru ilə istənilən hava şəraitində gecə və gündüz fəaliyyət göstərə bilir.
Minaatan sisteminin özü həmçinin yüngül və orta ölçülü zirehli avtomobillər üzərində nümayiş etdirilib ki, bu da bütün avtopark üzrə unifikasiyanı təmin etməklə təlim və dəstək yükünü azaldır.
Sistem qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı döyüş sursatları atəş aça bilir və onun kompakt quruluşu avtomobildə döyüş sursatı saxlanması üçün geniş yer təmin edir.
Əhəd Əzizov