Britaniya donanması yeni tip freqatlarla silahlandırılır

Britaniya donanması yeni tip freqatlarla silahlandırılır

Şotlandiya Kral Donanması üçün yeni freqatlar inşa edir.

“Poliqon” “Babcock” gəmiqayırma zavodunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Babcock” gəmiqayırma zavodu “Type 31” layihəsinin ilk gəmisinin təməlqoyma mərasimini elan edib.

Yeni freqat HMS “Venturer” adını daşıyacaq. Eyni zamanda, gəmilərin tikintisi cüt-cüt aparılacaq, ona görə də yaxın vaxtlarda ikinci HMS “Active” freqatının təməli qoyulacaq. Ümumilikdə, Böyük Britaniya donanmasının ehtiyacları üçün “Type 31” layihəsinin beş freqatının inşası planlaşdırılıb.

HMS “Venturer” 2023-cü ildə, sonuncu isə beş il sonra istifadəyə veriləcək. 2030-cu ilə qədər onların hamısı xidmətdə olan “Type 23” freqatlarını əvəz edərək döyüş donanmasına daxil olmalıdır. Hər bir “Type 31” layihəli gəmi 250 milyon funt sterlinqə başa gələcək. Onlar 2011-2012-ci illərdə Danimarka Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən silahlanmaya qəbul edilmiş “İver Huitfeldt” sinifli freqatların bazasında yaradılıb. Hər bir belə gəminin uzunluğu təqribən 140 m, subasması isə 6650 tondur.

Əvvəlcə Böyük Britaniya HDQ “Global Combat Ship” (GCS) proqramının 13 ədəd freqatını almağı planlaşdırırdı. Onlardan 8 ədədi sualtı qayıq əleyhinə və 5 ədədi çoxməqsədli gəmi modifikasiyasında olmalı idi. Lakin, proqram baha başa gəldiyi üçün o, “Type 26” layihəsinin 8 ədəd gəmisi ilə məhdudlaşdırılıb. Daha sonra nisbətən ucuz 5 ədəd çoxməqsədli “Type 31” freqatını inşa etmək qərara alınıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin tələblərinə görə, yeni freqatlar 100 nəfərlik heyət tərəfindən idarə edilməli və 60 nəfərdən ibarət desant qüvvəsini daşıya bilməlidir. Sürəti ən azı 28 düyün, kruiz məsafəsi isə 12 düyün sürətlə 9000 dəniz mili olmalıdır. Silahlar 127 mm-ə qədər çaplı toplardan, eləcə də müxtəlif növ raketlərdən ibarət olacaq. Bundan başqa, gəminin arxa hissəsində iki “Wildcat” tipli helikopteri yerləşdirməyə qadir olan anqar olacaq.

type2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS