“Hyundai WIA” şirkəti yeni 105 mm-lik ÖAQ təqdim edib
Cənubi Koreyanın “Hyundai WIA” şirkəti Polşanın Kelts şəhərində keçirilən MSPO-2024 beynəlxalq sərgisində yolsuzluq avtomobilinə əsaslanan 105 mm-lik yüngül özüyeriyən artilleriya qurğusunun (ÖAQ) kiçik maketini nümayiş etdirib.
“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, qoşunların sürətli yerdəyişməsinə ehtiyac döyüş əməliyyatları zamanı mobilliyi əsas vəzifəyə çevirir.
Ordunun ehtiyaclarını ödəmək üçün “Hyundai WIA” şirkəti bəzi digər Koreya şirkətləri ilə birlikdə iki mobil həll variantı hazırlamağı hədəfləyib.
Yeni artilleriya sistemi üçün genişləndirilmiş şassili versiyaya dəyişdirilmiş 4×4 təkər formullu KIA K351 KLTV (Korea Light Tactical Vehicle) yüngül zirehli yolsuzluq avtomobili seçilib.
Qurğunun artilleriya hissəsi üçün “Hyundai WIA” şirkəti mövcud 105 mm-lik KH37 haubitsasını götürüb və onu avtomobilin arxa hissəsinə quraşdırmaq üçün modernləşdirib. Şirkət təpmə qüvvəsini azaltmağa qadir olan hidropnevmatik dempfer (söndürmə) sistemi, həmçinin dayanıqlığı təmin etmək üçün maşına hidravlik ötürücülü dörd dayaq əlavə edilib.
Döndərmə və qaldırma mexanizmlərinin ötürücüləri, eləcə də çaxmaq sistemi elektrikdir.
ÖAQ-ın heyəti ön zirehli kabinada yerləşən manqa komandiri və tuşlayıcı olmaqla iki nəfərdən ibarətdir. Komandir postu atəşi idarəetmə kompüteri və displey, köməkçi güc mənbəyi, maşın isə inersial peyk naviqasiya (INS) sistemi ilə təchiz olunub.
Bu özüyeriyən haubitsin əsas xüsusiyyətlərindən biri onun “atmaq və qaçmaq” qabiliyyətidir ki, bu da ona hədəflərə atəş açmağa və sonra düşmənin əks atəşindən qaçmaq üçün tez yerini dəyişməyə imkan verir. Sistem dəqiq tuşlama üçün GPS və INS sistemlərdən istifadə edərək özündə atəşi avtomatik idarəetmə kimi qabaqcıl texnologiyanı ehtiva edir. Bu sistemlər döyüş meydanında rabitə vasitələri (Battalion Battle Command System – B2CS və Tactical Multi Mission Radar – TMMR) ilə birlikdə komanda və idarəetmə şəbəkələrinə qüsursuz inteqrasiya etməyə imkan verir, tapşırıqlar zamanı effektiv əlaqə və koordinasiyanı təmin edir.
Şirkət, haubitsanın atəş tezliyinin dəqiqədə 10 mərmi, atış məsafəsinin adi qəlpəli-fuqas mərmilərlə 14,7 km və aktiv-reaktiv mərmilərlə (rocket-assisted projectiles) 18 km olduğunu bildirir.
Sistemin yüngül çəkisi onu helikopterlə daşımağa imkan verir və əməliyyatlar zamanı tez açılmaq və yığılmaq üçün idealdır.
Bu müasir artilleriya sistemi yüngül piyada briqadalarının və hava-desant hissələrinin atəş dəstəyi imkanlarını artırmaq üçün təyin edilib. Sistem Cənubi Koreyanın artilleriyasını modernləşdirməyə və müxtəlif döyüş ssenariləri üçün mobil, çevik atəş gücü təklif etməyə yönəlmiş daha geniş təşəbbüsünün tərkib hissəsidir.
Əhəd Vahidoğlu