HavaXəbərlər

Almaniya üçün MQ-28 “Ghost Bat” PDT-nin imkanları inkişaf etdiriləcək

Almaniyanın “Rheinmetall” və ABŞ-ın “Boeing” şirkətləri Almaniyanın birgə döyüş təyyarələri (Collaborative Combat Aircraft – CCA) imkanlarının formalaşdırılmasını sürətləndirmək üçün əməkdaşlıq edir.

“Poliqon”un “Rheinmetall”a istinadən verdiyi xəbərə görə, bu məqsədlə “Boeing” tərəfindən hazırlanmış MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsinin (PDT) yetkin platformasından istifadə olunacaq.

Bildirilib ki, dünyanın aparıcı hava qüvvələri CCA konsepsiyasından real hərbi imkanların yaradılması mərhələsinə keçir. Almaniya Silahlı Qüvvələri də bu istiqamətdə müvafiq imkanların formalaşdırılmasını planlaşdırır. MQ-28 “Ghost Bat”ın əvvəlki uçuş sınaqları platformanın həm “hava-yer”, həm də “hava-hava” əməliyyatlarında Almaniyanın tələblərini qarşılaya biləcəyini göstərib.

Platformanın yüksək texnoloji hazırlıq səviyyəsi Almaniyaya MQ-28 üzərində milli imkanlarını sürətlə formalaşdırmağa, o cümlədən yerli istehsal olan sensorlar, silahlar və missiya proqram təminatını inteqrasiya etməyə imkan verəcək.

Bu prosesdə “Rheinmetall” sistem inteqratoru kimi çıxış edəcək. Şirkət müstəqil sistem inteqrasiyası imkanlarının yaradılması ilə Almaniyanın müdafiə sənayesinin CCA sahəsində milli kompetensiyalarının inkişafına töhfə verəcək.

Bundan əlavə, “Boeing”, “Rheinmetall”, “Rohde & Schwarz”, “Diehl Defence” və HENSOLDT şirkətləri Almaniyada uzunmüddətli perspektivdə CCA imkanlarının ölkə daxilində hazırlanması və inteqrasiyasına imkan verəcək sənaye ekosistemi formalaşdırır.

Əməkdaşlıq çərçivəsində proqram təminatının hazırlanması, missiya inteqrasiyası və əqli mülkiyyət Almaniyanın sənaye ekosistemində saxlanılacaq. Bununla da milli imkanların MQ-28 üzərində hazırlanması, sınaqdan keçirilməsi və inteqrasiyası mümkün olacaq.

Qeyd olunub ki, əldə ediləcək təcrübə gələcək CCA platformalarının inkişafında da istifadə olunacaq. MQ-28-in təkmilləşdirilməsi isə rəqəmsal əkiz texnologiyası, geniş uçuş sınaqları və Avstraliya Hərbi Hava Qüvvələri ilə həyata keçirilmiş sınaq proqramından əldə olunan məlumatlar əsasında davam etdirilir.

MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsi “Boeing Australia” tərəfindən hazırlanıb və əsasən pilotlu döyüş təyyarələri ilə birgə fəaliyyət göstərmək, kəşfiyyat, müşahidə və zərbə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Back to top button