Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “N” nömrəli hərbi hissəsinin yaradılmasından 31 il ötür.

“Poliqon”un məlumatına görə, Azərbaycan HHQ-nin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşması 1992-ci ilə təsadüf edir.

1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan etibarən Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.

Hazırda Azərbaycan HHQ-nin aviasiya parkında əsasən Mi-24G və Mi-35M döyüş, Mi-8/Mi-17/Mi-171 nəqliyyat, “Bell 412” çoxməqsədli helikopterləri, L-39 “Albatros”, MFI-395 “Super Mushshak” təlim təyyarələri, MiQ-29 və Su-25 döyüş təyyarələri, habelə müxtəlif tipli pilotsuz uçuş aparatları yer alır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları döyüş bacarıqlarının artırılması və təkmilləşdirilməsi üçün mütəmadi olaraq hərbi təlimlərə cəlb olunur. Onlar həm Azərbaycanda, həm də ölkə xaricində birgə təlimlərdə iştirak edirlər.

Qardaş Türkiyə ilə keçirilən HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına imkan yaradıb. Buna görə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında davamlı olaraq “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir.

Məhz bunun nəticəsidir ki, Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 Günlük Vətən müharibəsində HHQ-nin pilotları onlara verilən tapşırıqların öhtəsində məharətlə gəldilər və düşmən hədəflərini uğurla məhv etdilər.

Bu gün müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Poliqon.az

CATEGORIES
TAGS