Cənubi Koreya uzun mənzilli raketlər istehsal edəcək

ABŞ Cənubi Koreyaya 800 kilometrdən artıq mənzilli raketlərin yaradılmasına və tətbiqinə icazə verib.
“Poliqon” xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, icazənin əldə edilməsi Cənubi Koreyanın Prezidenti Mun Çje İn və ABŞ lideri Co Bayden arasındakı danışıqlar zamanı mümkün olub.
Cənubi Koreyanın raket inkişafını tənzimləyən təlimatlarının əksəriyyəti 1979-cu ildə, ölkə ABŞ-dan raket istehsalı üçün texnologiya və komponentlər alan zaman hazırlanıb. Təlimatların mövcudluğu dövründə, raketlərin məsafəsi bir neçə dəfə artırılıb, prinsiplər isə bir neçə dəfə yenidən nəzərdən keçirilib. Raketlərin mənzili əvvəlcə 180 ilə 300 km arasında, sonra 300 ilə 800 km arasında və indi isə 800 km-dən artıq olmaqla razılaşdırılıb. Bu həm də raketlərin döyüş başlığına aiddir. Belə ki, əvvəlcə onların kütləsi 500 kq ilə məhdudlaşırdısa, 2020-ci ildə əldə edilmiş razılığa əsasən ballistik raket başlıqları üçün kütlə məhdudiyyəti aradan qaldırılıb.
Həmçinin, 2020-ci ildə ABŞ Cənubi Koreyaya kosmik raket-daşıyıcılar üçün bərk yanacaqlı mühərrik sistemləri inkişaf etdirməyə icazə verib. Əslində bu icazə rəsmi Seul üçün raket-daşıyıcıları inkişaf etdirmək adı altında orta və uzaq mənzilli bərk yanacaqlı ballistik raketlərin hazırlanmasına imkan yaradıb. Əvvəllər ABŞ Cənubi Koreyaya raketlərin yalnız maye yanacaq üzərində inkişaf etdirilməsinə icazə verib.
Əhəd Əzizov




