Cənubi Koreyanın hidrogen elementli PUA-ları – VİDEO

Cənubi Koreya ordunun hava kəşfiyyat imkanlarını daha da genişləndirir.
“Poliqon” “Yonhap News” xəbər agentliyinə istinadən bildirib ki, Müdafiə Alışları Proqramı İdarəsi (DAPA) “Doosan Mobility Innovation” (DMİ) şirkəti ilə ümumi dəyəri 831 milyon von (~737.000 ABŞ dolları) olan bir müqavilə imzalayıb.
İmzalanmış müqaviləyə əsasən, Koreya Respublikasının Hərbi Hava Qüvvələri üçün DMİ şirkətindən hidrogen elementli (batareyalı) pilotsuz uçuş aparatları alınacaqdır. Tərəflər hansı modellərin alınacağını açıqlamır, lakin, icraçının havaya şaquli qalxma imkanlı multikopterlər, həmçinin helikopter və təyyarə tiplilər daxil olmaqla geniş çeşiddə PUA istehsal etdiyi məlumdur.
DMİ şirkətindən bildirirlər ki, hidrogenin yanacaq kimi istifadə edilməsi, PUA-lara elektrik batareyaları ilə işləyən analoqlardan bir neçə dəfə çox havada qalmasına imkan verəcək. Eyni zamanda, hidrogen elementi neft məhsulları ilə işləyən mühərriklərlə müqayisədə əhəmiyyətli dərəcədə səssizdir və daha az titrəmə verir.
Qeyd etmək lazımdır ki, DAPA mətbuat xidməti bu satınalmanın bir pilot layihə olduğunu bildirib. Və diqqətə çatdırıb ki, bu layihə silahlı qüvvələrdə hidrogen infrastrukturunu qurmağın qapısını açacaq və hidrogenlə işləyən texnikaların siyahısını genişləndirəcəkdir. Hidrogen elementli PUA-ların sifarişçiyə çatdırılması isə bu ilin payızına planlaşdırılıb.
Bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, cari ilin 5 fevral tarixində Cənubi Koreya hökuməti, dünyada hidrogendən istifadəyə keçid əsnasında ölkənin enerji sənayesinin inkişafı proqramını müəyyənləşdirən dünyanın ilk “hidrogen qanunu”nu qəbul edib. Bu proqram çərçivəsində infrastrukturun inkişafına təxminən 38 milyard ABŞ dollar sərmayə qoyulacaq və 2022-ci il ərzində Cənubi Koreyada 310 hidrogen yanacaqdoldurma stansiyası inşa ediləcəkdir.
Əhəd Əzizov




