Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Avqust 13-ü və 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıb.
Mərasimlərdə çıxış edənlər gənc əsgərlərin DSX-nın heyəti sırasına daxil olduqları dövrün Vətən Müharibəsində şanlı Qələbənin coşqusunun yaşandığı və Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən Müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs torpaqlarıın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşən sərhədçilərin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaları ilə qürur duymaları vurğulanıb.
Azad olunmuş sərhədlərin müdafiə və mühafizəsinin təmin olunması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni hərbi hissələrin formalaşdırılması, və sərhəd xətti boyu sərhəd zastavalarının bərpa olunması, yeni sərhəd-döyüş məntəqələrinin fəaliyyətə başlaması qeyd edilib.
Mərasimlərdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanılıb.
Tədbirlər zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Tədbirlər çərçivəsində Vətən Müharibəsində canlarını Vətən uğrunda fəda edərək həlak olmuş sərhədçilərin xatirə abidəsi açılıb.
Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.