Çexiya AH-1Z və UH-1Y helikopterləri üçün ABŞ-dan təkmilləşdirmə dəstləri alır

Çexiya AH-1Z və UH-1Y helikopterləri üçün ABŞ-dan təkmilləşdirmə dəstləri alır

ABŞ hökuməti AH-1Z hücum və UH-1Y çoxməqsədli helikopterlərini təkmilləşdirmək üçün lazım olan dəstlərin Çexiyaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, 650 milyon ABŞ dolları dəyərindəki bu sifarişə 6 ədəd AH-1Z və 2 ədəd UH-1Y helikopterini təkmilləşdirəcək hissələrin satın alınması, eləcə də onlara qarşıdakı təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişə daxildir:

  • 22 ədəd T-700 GE 401C mühərriki (16 ədədi quraşdırılmış, 6 ədədi ehtiyat);
  • 14 ədəd EGIs PPS sistemi (8 ədədi quraşdırılmış, 6 ədədi ehtiyat);
  • 4 ədəd M240 pulemyotu;
  • 24 ədəd ARC-210 COMSEC radiosu;
  • Rabitə avadanlıqları, elektron müharibə sistemləri, dəstəkləyici avadanlıqlar, ehtiyat mühərrik konteynerləri, uçuş təlim cihazları və s.

Sifariş ABŞ-ın “Bell Helicopter” və “General Electric” şirkətləri tərəfindən yerinə yetiriləcək.

AH-1Z “Viper” AH-1 “Super Cobra” helikopterinin bazasında hazırlanıb və 2010-cu ildən ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasındadır. 296 km/saat sürət yığa bilən helikopterin maksimum icazə verilən uçuş sürəti 411 km/saat, kreyser sürəti isə 248 km/saatdır. 1150 kq döyüş yükü ilə döyüş radiusu 231 km olan AH-1Z “Viper”-in uçuş müddəti 3.3 saat, praktiki uçuş tavanı 6096 metrdir.

UH-1Y “Venom” helikopterinin ilk uçuşu 2001-ci ildə baş tutub və o 2008-ci ildə ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasına daxil edilib. Onun standart silahlanmasına idarə olunan (APKWS) və idarə olunmayan (“Hydra 70”) 70 mm-lik raketlər üçün buraxılış qurğuları (7 və 19 atımlı qurğular), həmçinin M134 asma çoxlüləli pulemyot daxildir.

Sonda xatırladaq ki, ötən il ABŞ EDA (Excess Defense Articles) proqramı çərçivəsində Çexiyaya altısı AH-1Z və ikisi UH-1Y olmaqla toplamda 8 ədəd helikopter bağışlayıb. Hazırkı sifariş onu göstərir ki, həmin vaxt bağışlanan helikopterlər o qədər yeni olmayıb, əksinə təkmilləşdirməyə ehtiyac duyulacaq qədər köhnə olub.

 

Poliqon.az

CATEGORIES
TAGS