Ceyhun Bayramov NATO rəsmisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO Baş Katibinin Tərəfdaşlıq üzrə müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
Bu barədə “Poliqon” Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
Görüşdə enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması da daxil olmaqla, tərəfdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov həmkarına bölgədəki son proseslər, o cümlədən Ermənistanla münaqişədən sonrakı normallaşma prosesi, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və dayanıqlı sülhə yönəlmiş səylər barədə məlumat verib.
Həmçinin qlobal təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparılıb, xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət olunması və mülki əhalinin qorunmasının vacibliyi vurğulanıb.




