
Çinin CETC şirkəti “Bayraktar TB2” PUA-nı kopyalayıb
Çinin “China Electronics Technology Group Corporation” (CETC) şirkəti Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) dizaynını kopyalayıb.
“Poliqon” xəbər verir ki, CETC şirkətinin kopyalayaraq hazırladığı PUA-nın görüntüləri sosial şəbəkələrdə fəaliyyət göstərən “Clash Report” səhifəsi tərəfindən paylaşılıb.
Səhifə bildirib ki, CETC şirkəti bu PUA-nı Çində keçirilən “Zhuhai Air Show” zamanı nümayiş etdirib.
Fotolarda əks olunan PUA-ya baxdıqda onun quyruq bölgəsinin tərs “V” şəklində olması, pərvanəsinin arxa quyruğu birləşdirən qollar arasında yerləşməsi, mühərriyi təmiz hava axını ilə təmin edən çıxışın üst bölgədə olması buna əyani sübutdur.
Xatırladaq ki, “Baykar” şirkəti tərəfindən dizayn və istehsal edilən “Bayraktar TB2” PUA-dan Azərbaycanın həm Vətən müharibəsində, həm də sonralar erməni silahlı birləşmələri tərəfindən təxribatların qarşısının alınmasında istifadə olunub. Hazırda bu PUA Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkənin cənubundakı terroçulara qarşı aparılan mübarizədə və Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın Ukraynaya yönələn işğalçı müharibəsində uğurla istifadə edilməkdədir.
Hazırda “Bayraktar TB2” PUA həm Afrika, həm Asiya, həm də Şərqi Avropa ölkələrinin Silahlı Qüvvələrinin inventarında yer alır.
Əlavə məlumat üçün qeyd edək ki, 2020-ci ilin sonuna kimi yalnızca 4 dövlət – Türkiyə, Azərbaycan, Qətər və Ukrayna tərəfindən istifadə olunan “Bayraktar TB2” PUA, şirkətin ötən ilin oktyabrında açıqladığı hesabata əsaəsn bir ildən də qısa müddət ərzində ümumilikdə 13 ölkəyə ixrac edilib.
Buradan görünür ki, Azərbaycan HHQ tərəfindən 44 Günlük Vətən müharibəsində “Bayraktar TB2”-lərin effektiv istifadəsi PUA-nın uğurlu ixracat bacarığının əldə etməsinə əhəmiyyətli təsir göstərib.
Kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar”ın maksimum çəkisi 630 kiloqram təşkil edir. Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə “Rotax 912” mühərriki ilə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir.
“Bayraktar TB2” PUA hədəfləri zərərsizləşdirmək üçün Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal olunan MAM-L və MAM-C mini ağıllı sursatlarından istifadə edir. Bu sursat ailəsinin sonuncu üzvü olan MAM-T-dən “Baykar” şirkətinin istehsalı daha böyük ölçülü və faydalı yük daşımaq bacarığına sahib “Akıncı” PUA-da və hələ hazırlanma mərhələsində olan reaktiv mühərrikli “Kızılelma” pilotsuz döyüş təyyarəsində istifadə ediləcək.
- “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2”