Çinin döyüş gəmiləri üçün 20 lüləli yeni artilleriya qurğusu hazırlanıb

Çin Hərbi Dəniz Qüvvələri (HDQ) bütün zamanların ən güclü Qatlinq silahı ilə silahlana bilər.
“Poliqon” ABŞ-ın “The Drive” portalına istinadən xəbər verir ki, Çin hava hədəflərinə qarşı mübarizə üçün təyin edilmiş yeni gəmi bazalanmalı 20 lüləli silahı sınaqdan keçirib.
Çinin “Weibo” mikrobloq saytında ilk dəfə ortaya çıxan bir sıra görüntülər 20 lüləli Qatlinq tipli silahın cari ilin yanvar, mart və aprel aylarında ən azı üç atəş sınağının keçirildiyini göstərir.
Silah Çin HDQ gəmilərini təchiz etmək üçün hazırlanmışdır və hava təhdidlərinə qarşı müdafiəni təmin etməlidir.
Yeni silah dəstinin texniki xüsusiyyətləri Çin hərbi sənaye kompleksi üçün ənənəvi olaraq məxfiləşdirilmişdir. Eyni zamanda, “The Drive”, müstəqil silah mütəxəssisi Corc Vilyam Herbertin (George William Herbert) Çin qurğusunun ikili qida sistemi ilə təchiz olunduğunu ifadə edən sözlərindən sitat gətirir. Bu, ya mərminin tipini dərhal dəyişdirməyə, ya da iki lülədən eyni anda atəş etməyə imkan verir. İkinci seçim isə öz növbəsində, onsuz da dəqiqədə 10.000 atəş edə bilən silahın atəş tezliyini iki dəfə artıracaqdır.
Fotoşəkillərə əsasən söyləmək olar ki, yeni qurğu 20 lüləlik topdur. Konstruksiyası, Çin HDQ gəmilərində istifadə olunan digər artilleriya sistemlərinə uyğundur.
Xatırladaq ki, Çin HDQ-də öz konstruksiyası ilə oxşar iki artilleriya sistemi var – 30 mm-lik 7 lüləki CIWS Type 730 (dəqiqədə 6000 atəş) və 30 mm-lik 11 lüləli CIWS Type 1130 (dəqiqədə 10000 atəş), lakin hər ikisi daha az lüləyə sahibdir.
Qeyd edək ki, Qatlinq pulemyotu (Gatling gun) çox lüləli sürətli atəşli atıcı silahıdır. Doktor Riçard Cordan Qatlinq (Richard Jordan Gatling) tərəfindən 1862-ci ildə “Revolving Battery Gun” adı altında patentləşdirilmişdir. Bu pulemyot Amerika Vətəndaş müharibəsinin əfsanəvi silahı olmuşdur. Silahın işləmə prinsipi bir neçə lülənin bir ox ətrafında fırlanmasıdır. Cazibə qüvvəsinə əsaslanan patron yaysız patron maqazini üst hissədə yerləşirdi.
Lülə ən üst nöqtədə olduqda, ağırlıq qüvvəsinin təsiri altında maqazindəki patron lülənin patron yuvasına daxil olurdu və sonra atəş edilirdi. Sonrakı fırlanma sayəsində lülə alt nöqtəyə çatdıqda ağırlıq qüvvəsinin təsiri altında giliz patron yuvasından çıxarılırdı. Əl ötürücülü modelin atəş tezliyi dəqiqədə 200-1000 atəş, elektrik ötürücülü modelin isə atəş tezliyi 3000 atəşə qədər çata bilirdi.
Əhəd Əzizov




