QuruSərgilərXəbərlər

CSG “Eurosatory 2026”da “Trident” çoxqatlı HMM sistemini təqdim edib

Çexiyanın “Czechoslovak Group” (CSG) şirkəti Parisdə keçirilən “Eurosatory 2026” sərgisində yeni “Trident” çoxqatlı hava hücumundan müdafiə (HHM) sistemini təqdim edib.

“Poliqon” CSG-yə istinadən xəbər verir ki, sistem hərbi birləşmələrin, strateji obyektlərin və geniş ərazi vahidlərinin təyyarələr, helikopterlər, idarəolunan raketlər, pilotsuz uçuş aparatları (PUA) və digər hava təhdidləri daxil olmaqla geniş spektrli təhlükələrdən qorunması üçün nəzərdə tutulub.

“Trident” sistemi modul quruluşa malik qısa, orta və uzaqmənzilli HHM sistemi kimi layihələndirilib. Onun konkret konfiqurasiyası sifarişçinin əməliyyat tələblərindən asılı olaraq dəyişə bilər. “Yer-hava” raketlərindən əlavə, sistem top əsaslı silah sistemlərini, dron və digər PUA-lara qarşı mübarizə sistemlərini, eləcə də radioelektron mübarizə və maneə yaratma elementlərini özündə birləşdirə bilir.

Bildirilib ki, “Trident” sisteminin istehsalı və inteqrasiyasında CSG-yə daxil olan bir neçə şirkət və xarici tərəfdaşlar iştirak edir. Sisteminin memarı və baş inteqratoru olan “Excalibur International” onu dünya bazarında müştərilərə təqdim edir. “Retia” şirkəti “Trident” üçün radarlar istehsal edir və komanda-idarəetmə sistemini təmin edir. “Tatra Trucks” şirkəti sistemin elementlərinin yerləşdirildiyi “Tatra Force” şassi platformalarını təqdim edir. “Tatra Defence” şirkəti isə “Tatra Force” platforması üçün zirehli kabinlərin, üstqurğuların və “yer-hava” raket buraxıcı qurğularının hazırlanması və istehsalına cavabdehdir. Strateji tərəfdaş olan Türkiyənin “Roketsan” şirkəti isə müasir qısa, orta və uzaqmənzilli “yer-hava” raketlərini və onların buraxılış konstruksiyalarını təmin edir.

Bu əməkdaşlıq Çexiya müdafiə sənayesinin avtomobil platformaları, radar texnologiyaları, sistem inteqrasiyası, komanda və idarəetmə sahələrindəki təcrübəsini Türkiyənin raket texnologiyaları ilə birləşdirən həll ortaya çıxarıb. Oxşar əməkdaşlıq modeli “Excalibur International”ın əvvəlki layihələrində də uğurla tətbiq olunub. Həmin layihələrdə Çexiya şirkətləri radarlar və “Tatra” şassiləri təqdim etməklə yanaşı, sistem arxitekturası və inteqrasiyasında mühüm rol oynayıblar.

Standart konfiqurasiyada “Trident” sistemi infraqırmızı görüntüləmə (IIR) və aktiv radiotezlik (Active RF) özütuşlanan başlıqlarla təchiz edilmiş, 100 kilometrədək mənzili olan müxtəlif tipli “yer-hava” raketlərindən istifadə edir. Bu kombinasiyanın sayəsində sistem müxtəlif növ hədəflərə qarşı çoxqatlı HHM imkanları yaradır və müasir döyüş meydanının dəyişən şərtlərinə və tələblərinə çevik reaksiya verə bilir.

“Trident” sisteminin bir batareyası “Tatra” platformaları üzərində yerləşdirilmiş bir neçə ixtisaslaşmış maşından ibarətdir. Bunlara aşağıdakılar daxildir:

  • FCC (Fire Control Center) – modul “ReCUBE” platforması əsasında qurulan atəşi idarəetmə mərkəzi;
  • MLV (Missile Launching Vehicle) – raket buraxılış maşını;
  • MRV (Missile Reloading Vehicle) – raketlərin yenidən yüklənməsi maşını;
  • 200 km aşkarlama məsafəsinə malik “ReSAURION-RSB21” və 470 km aşkarlama məsafəsinə malik “RSB41” mobil 3D AESA radarları;
  • MSV (Maintenance Support Vehicle) – texniki dəstək maşını.

Genişləndirilmiş konfiqurasiyada “Trident” sistemi dronlara qarşı müdafiə məqsədilə antidron elementləri ilə də təchiz oluna bilər. Bunlara “ReGUARD” radarı, havada partlayan sursatlardan istifadə edən top sistemləri və düşmən dronlarını kinetik üsulla məhv etmək üçün nəzərdə tutulmuş kiçik ölçülü “yer-hava” raketləri daxildir. Bu həll əsas konfiqurasiyada istifadə olunan daha güclü HHM raketlərinin ehtiyatının qorunmasına imkan verir.

“Trident” HHM sisteminin əsas elementi “Retia” tərəfindən hazırlanmış və istehsal olunan modul “ReCUBE” platformasıdır. “ReCUBE” “Trident” sisteminin radarlar, elektro-optik axtarış və hədəfləmə vasitələri kimi sensorlarını, eləcə də “yer-hava” raket buraxılış qurğuları və top sistemləri kimi zərbə vasitələrini optik, radio və yerüstü məlumat ötürmə kanalları vasitəsilə real vaxt rejimində inteqrasiya olunmuş şəkildə idarə edən mobil komanda, idarəetmə və rabitə mərkəzidir.

“ReCUBE” hava kəşfiyyatı, komanda-idarəetmə və rabitə sahələrində ən müasir texnologiyaları özündə birləşdirir. Platforma həm standart, həm də məxfi rejimlərdə fəaliyyəti dəstəkləyir və elektromaqnit uyğunluğu ilə kütləvi qırğın silahlarından mühafizə sahəsində ciddi tələblərə cavab verir. Onun arxitekturası yalnız “Trident” sistemində deyil, həm taktiki, həm də strateji səviyyələrdə digər HHM idarəetmə strukturlarında da tətbiq olunmasına imkan yaradır.

“Trident” sistemi “Excalibur International”ın kompleks HHM sistemləri sahəsində uzunmüddətli fəaliyyətinin nəticəsi kimi meydana çıxıb. Şirkət son illərdə xüsusilə Cənub-Şərqi Asiya bazarlarında əhəmiyyətli uğurlar qazanaraq böyük HHM layihələri həyata keçirir.

Bu təcrübələrin davamı olaraq, 2026-cı ilin aprel ayında şirkət Cənub-Şərqi Asiyada ümumi dəyəri təxminən 2,5 milyard ABŞ dolları olan müqavilələr imzalayıb. Müqavilələr “Tatra” şassisi üzərində qurulan bir neçə çoxqatlı HHM batareyasının tədarükünü nəzərdə tutur. Sazişlərə sistemlərin özləri ilə yanaşı, geniş logistika dəstəyi, şəxsi heyətin hazırlanması, ehtiyat hissələrinin tədarükü, dəstək infrastrukturunun yaradılması və ixrac maliyyələşdirilməsinin təşkili də daxildir.

Back to top button