
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi, ictimaiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, “Lənkəran” sərhəd dəstəsində keçirilən növbəti tədbirdə hərbi qulluqçuların valideynləri və yaxınları sərhədçilər üçün yaradılan xidmət və sosial-məişət şəraiti ilə yaxından tanış olublar.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində sərhəd mühafizəsi sistemi müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qayğısı sərhədçilərin peşəkarlığının artırılmasına, onların mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsinə və xidməti fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verir.
Çıxışlar zamanı valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə edib, şəxsi heyət üçün yaradılmış şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin davamında xidmətdə fərqlənən hərbi qulluqçular və nümunəvi yanaşma sərgiləyən valideynlər fəxri fərmanla təltif olunub, xatirə fotoşəkilləri çəkilib.
Daha sonra qonaqlar əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, idman zalı və digər inzibati binalarla tanış olub, xidmətin təşkili istiqamətində görülən işləri yerində müşahidə ediblər.
Tədbirin sonunda valideynlər və hərbi qulluqçuların iştirakı ilə birgə nahar təşkil edilib, səmimi söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.















