
Dövlət sərhədini pozan Şri-Lanka vətəndaşları saxlanılıb
Sentyabr ayının 15-də saat 08:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçməyə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il təvəllüdlü Seevarathnam Vijayakumar, 1993-cü il təvəllüdlü Ukenthiran Sayanthan və 1999-cu il təvəllüdlü Ramachandran Thilakshan sərhəd pozucusu qismində saxlanılıblar.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, saxlanılan şəxslərdən üçünün rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə birinin isə Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub.
Araşdırma zamanı Şri-Lanka vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.