DSX-də 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbiri keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində keçirilən anım mərasimlərinin iştirakçıları öncə mənfur erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olublar. Tədbirlərin rəsmi hissəsi soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirlərdə çıxış edənlər azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirildiyini və bu siyasətin mahiyyətinin azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olduğunu xüsusi olaraq vurğulayıblar.
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.
Keçirilən tədbirlərdə şəxsi heyətə azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmlər və tamaşalar nümayiş etdirilib.