DSX-nin Xüsusi Məktəbində kursantlar arasında yarış keçirilib

May ayının 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində kursantlar arasında estafet yarışı keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsi vurğulanıb.
Çıxışda 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Xüsusi Məktəbin Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər və peşəkar kadrların yetişdirilməsində əhəmiyyətli rolu qeyd olunub.
Məktəbin kursantları arasında bu kimi yarışların təşkilinin dövlət sərhədlərinin gələcək müdafiəçilərinin hərbi vətənpərvər, fiziki cəhətdən sağlam, hərtərəfli hazırlıqlı formalaşmalarına xidmət etməsi bildirilib.
7 mərhələdən ibarət keçirilmiş yarışda məktəbin 7 və 8-ci siniflərinin kursantları qaçış, tullanma, uzanmış vəziyyətdə gövdənin qaldırılması, uzanaraq dayaqda qolların bükülüb-açılması, maneələrin dəf edilməsi üzrə idman hərəkətlərini yerinə yetiriblər.
Tədbirin sonunda estafet yarışının qalibləri medal və diplomlarla təltifləndiriliblər.





