DSX-nin Xüsusi Məktəbində Zəfər Günü münasibətilə tədbir keçirilib
Noyabr ayının 6-sı Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “8 noyabr – Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkənin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilərək, müqəddəs savaşda şücaətlə döyüşmüş sərhədçilərin bu şanlı “Zəfər Günü”nü yüksək coşqu ilə qarşıladıqları vurğulanıb.
Keçirilən tədbirdə kursantlar şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları və keçirilən yarışların qalibləri fəxri fərman və diplomlarla təltifləndiriliblər.