DSX-nin Xüsusi Məktəbinin yaradılmasının 11-ci ildönümü qeyd edilib
Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb, hazırkı mərasimin tarixi Zəfərin ildönümü ərəfəsinə və Müstəqilliyin bərpası gününə təsadüf etməsi ilə əlamətdar olması xüsusi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbə qazandığı, üçrəngli bayrağın Azərbaycanın sərhədləri boyunca dalğalandırıldığı, Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin cəsarət nümunələri göstərdikləri, Vətən Müharibəsindən sonra da azad edilmiş torpaqlarda xidmətlərini peşəkarcasına davam etdirmələri qeyd olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq istifadəyə verilmiş Xüsusi Məktəbin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı sərhədçi kadrların yetişdirilməsində əhəmiyyətli rolu qeyd olunub, tədris müəssisəsinin açılış mərasimində və 2018-ci ildə ikinci korpusunun istifadəyə verilməsi tədbirində Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsinin dövlətiin sərhəd təhlükəsizliyi məsələlərinə göstərdiyi qayğının və diqqətinin göstəricisi olduğu bildirilib.
Fəaliyyət göstərdiyi 11 il müddətində DSX Xüsusi Məktəbinə qəbul üçün müraciət sayının ilbəil artmasının tədris müəssisəsinin uğurlu fəaliyyətinin, yeniyetmələrdə sərhəd mühafizəsi sahəsində hərbi təhsilə marağın bariz göstəricisi olduğu qeyd olunub, Xüsusi Məktəbdə təhsil alan hər bir kursantın gələcəyin peşəkar zabiti, Vətənə layiqli övlad olacaqlarına əminlik ifadə edilmiş, onlara dərslərində müvəffəqiyyətlər arzulanıb.
Mərasim zamanı tədrisdə göstərdikləri yüksək nəticələrə görə məktəbin pedoqoji heyəti və kursantları mükafatlandırılıb.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzi tərəfindən kursantlar üçün konsert proqramı təşkil olunub, Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkdirilib.